“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, “MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.

Artıq “MS Oil”in Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbаil rауonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.

Məlumat üçün bildirək ki, “SOCAR” brendli YDM-in Şıxovdakı ünvanda avqustun 10-da, Nərimanovdakı ünvanda isə avqustun 13-də açılışı olub. Bununla da, ölkə ərazisində “SOCAR” brendli YDM-lərin sayı 62-yə çatıb.

Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib.

Xatırladaq ki, “MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, “MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir. “MSDIS Holding” bu ayın əvvəlində nizamnamə kapitalını kəskin azaldıb. Şirkətin nizamnamə kapitalı 2 572 000 manatdan azaldılaraq 500 manat olub. “MSDIS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, onun qanuni təmsilçisi Mirfəyyaz Nağıyev Oktay oğludur.