Rusiyanın “Taxıl sazişi”ndən çıxmasından sonra dünya bazarında taxılın, əsasən də əmtəəlik buğdanın qiymətində artımların olması ehtimalı yüksəlməkdədir. Bir neçə gün öncə isə Rusiya 6 ay ərzində xaricə buğda ixrac etməyəcəyini bildirib. Azərbaycanın da Rusiyadan taxıl məhsullarını idxal etdiyini nəzərə alsaq, bu, yerli taxıl bazarında qiymətlərdə artımın olub-olmayacağı ilə bağlı fikir formalaşdırır. Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. Rusiya isə avqust ayından etibarən arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumlarını artırıb. Bəs, hazırda Azərbaycanda taxıl məhsullarının, xüsusən də arpanın qiymət artımı gözlənilirmi?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, taxıl məhsullarının, xüsusilə də arpanın qiymətində artımın olub-olmayacağı iqlim şəraiti, dünyada gedən bir sıra proseslər və s. əlaqədardır.

O, Azərbaycanda bu istiqamətdə müvafiq işlərin görüldüyünü söyləyib: "Bu il də nəticələr pis olmayıb. Həmçinin xarici ölkələrdən təqribən 1,2 milyon ton ərzaqlıq buğda almışıq. Bunlar hazırda bazarda unun qiymətinin aşağı düşməsinə səbəb olub. Azərbaycanın taxıl məhsulları idxal etdiyi ölkələrdə məhsuldarlıq yüksək olduqda, bu bizim bazarda həmin məhsulların qiymətlərində azalmaya səbəb olur. Ancaq indi proqnozlar onu göstərir ki, taxıl idxal etdiyimiz ölkələrdə məhsuldarlıq yüksəkdir. Rusiyanın taxıl məhsullarının ixracına müəyyən məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, bu o qədər də yerli bazara təsir göstərməyəcək. Yəni taxıl məhsullarında, xüsusilə də arpanın qiymət artımına səbəb olacaq ciddi bir amil yoxdur".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu il Azərbaycanda arpa üzrə məhsuldarlıqda ötən illərə nisbətən artım müşahidə edilir. Onun sözlərinə görə, bununla yanaşı ehtiyat məhsulun tükənməsi bazarda arpanın qiymət artımına səbəb olacaq:

"Azərbaycanda arpadan, əsasən, heyvandarlıqda yem kimi istifadə olunur. Bununla yanaşı yüksək keyfiyyətli arpadan ərzaq məhsulu kimi də istifadə edilir. Heyvandarlıq, quşçuluqla məşğul olanlar əvvəlki illərdən daha çox taxıl məhsulları yığdıqları üçün bu il də ehtiyat məhsul kimi onlardan hissə-hissə istifadə edilir. Ehtiyat tükəndikdən sonra Azərbaycana idxal olunan arpa məhsulunda artım müşahidə ediləcək. Xüsusən də, Rusiyanın taxıl məhsullarının ixracına müəyyən məhdudiyyətlər tətbiq etdiyini nəzərə alsaq, bu da bazarda qiymətlərdə müəyyən artımlara səbəb olacaq".

Ekspert vurğulayıb ki, Azərbaycan özünün taxıla olan təlabatını ödəyə bilmədiyi üçün bazarda qiymətlərin dayanıqlı olmaması gözləniləndir: "Daxildə arpa və digər taxıl məhsulları təlabatını 60-70% ödəyə bilsək, xarici amil daxili bazara təsir etməyəcək. Azərbaycanda 2,5 milyon ton qüvvəli yem istehsal etməliyik. Amma təqribən 195 min ton istehsal edirik. Burada əsas komponenti arpa təşkil edir. Rəqəmlərdən göründüyü kimi ökəmizdə qüvvəli yem 12-13 dəfə az istehsal edilir. Bu da təlabatı tam olaraq qarşılaya bilmir".

 

Sadiq Cavadov