Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon dollar olub. İqtisadiyyat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, in  2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5% artıb.
Bu ilin ilk iki ayı ərzində Rusiyaya 82 milyon, Türkiyəyə 63,6  milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Rusiyaya qeyri-neft ixracı 21%, Gürcüstana 13% və İrana 2,1 dəfə artıb.
Ümumiyyətlə, 2019-cu ilin yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 76 milyon, elektrik enerjisinin ixracı 30,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 30,1 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon,  kimya sənayesi məhsullarının ixracı 12,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon dollar təşkil edib. 
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90 faiz, elektrik enerjisinin ixracı 50 faiz, meyvə-tərəvəzin ixracı 30 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 26 faiz artıb.
2019-cu ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon dollar təşkil edib. 2019-cu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (38,3  milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya ikinci (35,7 milyon dollar) və Gürcüstan üçüncü (23,4  milyon dollar) olub.
Bu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixraca elektrik enerjisi (19,4 milyon dollar) liderlik edib. Bu siyahıda daranmamış pambıq lifi (mahlıc) (14 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı  (12,7 milyon dollar) üçüncü yeri tutub.