Ölkə başçısının imzaladığı əmrə əsasən aprel ayından etibarən müavinətlər artırılıb. Ancaq vətəndaşlar aprel ayının ortaları olmasına baxmyaraq, hələ də təqaüdlərinin verilməməsindən narahatdırlar. ƏƏSMN İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov bu barədə öz feysbuk profilində paylaşım edib. Nazirlik rəsmisi bildirib ki, bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur. İqtisadiyyat.az Fazil Talıbovun həmin paylaşımını oxucularına təqdim edir.

"Bildiyiniz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.

Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.
Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

Ona görə də vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq".