Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bilet almaq istəyən şəxsin üzləşdiyi problemlə əlaqədar saytımıza məlumat daxil olub. Belə ki, adının çəkilməyini istəməyən vətəndaş 07.07.2019 tarixində, saat 16:00-17:00 radələrində 5 nəfərlik bilet alıb ailəsi ilə Tərtər rayonuna yola düşmək üçün avtovağzalın satış məntəqəsinə yaxınlaşıb. Lakin kassa əməkdaşı bir nəfərə 5 bilet satışına icazə verilmədiyini bildirərək, ailə üzvlərinin də bilet almaq prosesində iştirak etməsini istəyib.

Bəs görəsən doğrudanmı Beynəlxalq Avtovağzal Kompeksində belə bir qadağa var? Bu sualın cavabını tapmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovailə əlaqə saxladıq. Avtovağzal rəsmisi İqtisadiyyat.Az-a açıqlama verərkən, edilən şikayətlər əsasında ötən ilin avqust ayından bu qadağanın tətbiq olunduğunu bildirib:

“Vətəndaşların ünvanladığı çoxsaylı şikayətlər əsasında 2018-ci ilin avqust ayından etibarən bu qadağanı tətbiq etmişik. Həmin qadağaya əsasən 1 nəfərə özü də daxil olmaqla 4-dən çox bilet almasına icazə verilmir. Bir vətəndaş öz şəxsiyyət vəsiqəsi ilə yalnız özündən əlavə 3 nəfərə bilet ala bilər. Əgər bir ailədən 5 nəfər üçün bilet alınacaqsa, o zaman 2 nəfərin bilet alma prosesində iştirakı lazımdır. Ancaq həmin şəxslərin şəxsiyyət vəsiqəsi təqdim edilməklə istənilən sayda bilet almaq mümkündür. Sözügedən qadağa yalnız şəhərlərarası səfər üçün nəzərdə tutulur”.

Pərvin Məmmədova tətbiq olunan qadağanın səbəbinə gəldikdə isə bunları bildirib: “Bütün avtobuslar sərnişinlərdən bilet tələb edir. Biletlərin üzərində və kassalardakı monitorlarda qanuni cəhətdən nəzərdə tutulan qiymətlər qeyd olunub. Sərnişinlər biletlərin baha olması ilə bağlı çoxlu sayda şikayət etdilər. Həmin  şikayətlər araşdırıldıqda, sürücülərin sərnişinlərə bilet satması məlum oldu. Biz də bu qadağanı tətbiq etdik. Hazırda köhnə problemdən əsər-əlamət qalmayıb. Sərnişinlərdən də xahişimiz odur ki, əgər belə bir halla rastlaşsalar dərhal bizə məlumat versinlər”.

 

Mehman Nəbiyev