97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi üzrə qeydə alınan namizəd Muxtarlı Qələndər Şamil oğlunun müraciətinə baxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O bildirib ki, müraciət Ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilib: “Ərizəçi göstərib ki, səsvermə prosesi qanunvericiliyin tələbinə uyğun keçirilməyib. Təqdim edilmiş 87 videonun 40-dan çoxu ölkə üzrə digər dairələrə aid olan pozuntuları əks etdirib. Bundan başqa, iş üzrə həmin seçki məntəqələrində pozuntularla bağlı akt tərtib edilib. Mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış şəxslərdən və müşahidə aparmaq hüququ olanlardan izahatlar toplanıb. Müəyyən olunub ki, şikayət əsassızdır. Dairə seçki komissiyası tərəfindən aparılan araşdırma düzgün nəticəyə gəlinib. Ərizəçinin müraciətinin təmin edilmədi üçün hüquqi əsaslar yoxdur, buna görə də dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, MSK-nın dünən keçirilən iclasında 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən qeydə alınan namizəd Şəhriyar Məcidzadənin müraciəti ilə əlaqədar 3, 4, 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.//APA