Türkiyədə 7.7 və 7.6 maqnitudalı iki dəhşətli zəlzələdən sonra həm Kahramanmaraş, həm də ətraf şəhərlərdə minlərlə binanın dağılması on minlərlə vətəndaşı evsiz-eşiksiz qoyub. Evləri dağılan insanlarla yanaşı, evləri dağılmasa da küçələrdə qalan insanlar var. Onları indi bir sual düşündürür: evə nə zaman qayıtmaq olar? Soyuq hava və yorğunluq səbəbi ilə evlərinə qayıtmaq istəyən insanlar indi də ekspertlərin xəbərdarlığı ilə üz-üzə qalıb. Mütəxəssislər indiki məqamda hələ evlərə daxil olmamağı tövsiyə edir.

İqtisadiyyat.az xəbər verir ki, zəlzələ eksperti, professor Şükrü Ersoy xəbərdarlığında bunları dilə gətirib:

"Zədəsiz kimi görünən binalarda daşıyıcı sistemlərdə problemlər varsa, binanın çökmə riski də var. Yəni "pəncərələr normal görünür, içəri girə bilərik" fikri ilə bu addımı atmaq olmaz. İndiki məqamda bütün binaları potensial olaraq riskli qəbul etmək lazımdır. Əsas zəlzələ bitsə də, yeraltı təkanlar davam etdiyi üçün kiçik zədəli binalarda daha böyük xəsarətlər meydana gələ bilər". 

Bir sözlə, mütəxəssislər hələ ki, zədəli heç bir binaya girilməməsini tövsiyə edir. Vətəndaşlar isə səbr və ümidlə gözləməkdədir.