Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda hərəkətin fasiləsizliyi üçün tədbirlər görüb.

İqtisadiyyat.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurum hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışmağa davam edir.

Bakı şəhərində və bölgələrdə agentliyin xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.

Gecə boyu və gündüz saatlarında bütün avtomobil yolları nəzarətdə saxlanılıb. Problem yaşandığı sahələrə dərhal xüsusi texnikalar cəlb edilərək hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Agentliyin apardığı qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ümumilikdə Bakı şəhəri və republikanın avtomobil yollarına 622 qarkürüyən, duz-qum qarışı səpən, həmçinin köməkçi yol texnikası və maşın-mexanizm xidmət göstərir, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur.