Yeni il süfrəsinin təamlarından biri də hinduşka əti hesab olunur. Buna görə də bu quşlar il ərzində daha çox məhz Yeni il bayramı üçün bəslənilir. Bununla yanaşı qış aylarında bu quş ətindən istifadəyə böyük maraq yaranır. Təxminən 4 ay - dekabr, yanvar, fevral və mart aylarında bu qida intensiv şəkildə istehlak olunur. Amma buna baxmayaraq, ümumilikdə ölkəmizdə quşçuluq fermalarında digər ev quşlarının - toyuq, qaz və ördəyin yetişdirilməsi geniş yayılsa da, hinduşkalara çox nadir hallarda rast gəlmək mümkündür. 

Kənd təsərrüfatı eksperti Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkəmizdə hinduşkanın ferma şəraitində saxlanılması mövcud deyil. 

Onun sözlərinə görə, hinduşka çox çətinliklə ərsəyə gətirilən bir canlıdır. Bu quşların əksəriyyətinin hələ balacalıqda xəstələnməyə və məhv olmağa meyilli olduğunu xatırladan ekspert söyləyib ki, buna görə də onun yetişdirilməsi daha çox zəhmət tələb edir: "Yəni bu quş növünün orqanizmi çox zəifdir və xəstəliklərə qarşı həssasdır. Ümumilikdə isə hinduşka əti toyuq ətindən daha çox, quzu və mal ətindən isə az kalorilidir".

A.Nəsirli bu quş növünün idxal və ixrac məsələsinə də toxunub. O, Azərbaycandan xaricə hinduşka ətinin ixrac olunmadığını, yalnız müəyyən dövrlərdə idxal olunduğunu bildirib. Onun ətinin qiymətinə gəlincə, ekspert diri hinduşkanın çəkisindən 1 kiloqram çıxıldığını və qiymətin qalan çəkiyə uyğun təyin olunduğunu söyləyib:

"Çünki yerdə qalan çəki hinduşkanın əti sayılır. Hinduşka ətinin kiloqramı 18 manatdırsa, bu qiymətdə təmizləmək haqqı da nəzərə alınır. Məsələn, 4 kq hinduşka əti 72 manat edirsə, 2-3 manat da təmizləmə haqqı kimi əlavə olunur. Hazırda Beyləqanda hinduşka ətinin qiyməti 1 kq üçün 15-16 manat, Bakıda isə 17-18 manat civarındadır. Əslində, bu, normal qiymətdir. Çünki hinduşka ətinə kütləvi tələbat yoxdur".

Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova isə İqtisadiyyat.az-a açıqlamasında vurğulayıb ki, hinduşka əti digər quş ətləri ilə müqayisədə qida maddələri ilə daha zəngindir. Lakin buna baxmayaraq, hinduşka saxlamaq və böyütmək çox çətin prosesdir. Onun sözlərinə görə, hinduşkada hansısa quş xəstəliyi yarananda sürətlə yayılır və sağalma prosesi çox çətin olur:

"Hinduşka əti zülal mənşəlidir və daha asan həzm olunur. Bu baxımdan hinduşka əti digər quş ətlərindən baha qiymətə satılır. Hinduşka ətinin tərkibində yağ az, vitaminlərin sayı isə çoxdur. Yağda həll olan bütün vitaminlər (A, E, C, dəmir, Sink və B qrup vitaminlər) hinduşka ətində mövcuddur. Eyni zamanda qan azlığı zamanı hinduşka ətindən istifadə etmək çox faydalıdır. Hinduşka əti alarkən daha cavan olmasına diqqət etmək lazımdır. Cavan hinduşka ətinin faydaları daha çoxdur".

M.Hüseynova hinduşka ətinin kəsiləndən sonra düzgün qaydada saxlanılmasından da danışıb. Onun sözlərinə görə, tərkibindəki qida maddələrinin çoxluğuna görə əti açıq şəraitdə saxlamaq olmaz və ət mütləq şəkildə soyuducuya qoyulmalıdır:

"Hinduşka ətini mənşəyi bəlli olan yerlərdən almaq lazımdır. Baytar nəzarətindən keçməyən əti almaq tövsiyə olunmur. Çünki hinduşkadan insana bir sıra xəstəliklər keçə bilər. Hinduşka ətinin rəngi toyuq əti ilə müqayisədə nisbətən açıq rəngdə - sarımtıl olur. Qanadlar və bud daha tünd, sinə hissə isə daha açıq rəngə çalır. Bundan başqa, hinduşka ətinin özünəməxsus qoxusu var. Əgər hinduşka ətindən xoşagəlməz qoxu gəlirsə və ya ətin üstündə tünd qəhvəyi və digər rənglər varsa, deməli, ət xarab olub”. 

 

Gülşən Şərif