İqlim Maliyyəsi Fondunun (Climate Finance Action Fund) yaradılması təşəbbüslərimizdən biridir.

İqtisadiyyat.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.

O qeyd edib ki, yeni maliyyə mexanizminin yaradılmasını təklif edirlər:

"Biz iqlim üçün qrant əsaslı maliyyələrin ayrılmasını təklif edirik. Bu fond vasitəsilə biz 1 milyard dollar vəsait toplamağa çalışırıq".

Y.Rəfiyev vurğulayıb ki, COP29 sədrliyi tərəfindən bütün tərəfdaşlara gələcək yol xəritələri göndərilib:

"Bunu hazırlamaqda bizə dəstək göstərən bütün qurumlara təşəkkür edirik. BMT Baş katibinə fəaliyyət gündəliyinin hazırlanmasında verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm".

Y.Rəfiyev bildirib ki, İqlim Maliyyəsi Fondu Azərbaycan fondu olmayacaq, çoxtərəfli bir fond olacaq:

"Onun fəaliyyətində tərəfdar dövlətlər də iştirak edəcək və rəhbərlər töhfə verən dövlətlərdən seçiləcək. Çoxtərəfli maliyyə təşkilatları onun fəaliyyətinə nəzarət edəcək. Bakı sadəcə bu fondun katibliyinə evsahibliyi edəcək. Bütöv fəaliyyət isə tərəfdaş dövlətlərin iştirakı ilə həyata keçiriləcək",- o qeyd edib.

COP29-un baş danışıqçısı onu da diqqətə çatdırıb ki, qrant əsaslı töhfələri lazım bilmələrinin səbəbi kiçik ada dövlətləridir:

"Kiçik ada dövlətlərinin şikayətlərindən biri o idi ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət edəndə gec cavab alırlar. Ona görə də biz alternativ maliyyə qurumu yaratmalıyıq ki, onlar dərhal fəlakətlə üzləşən tərəfə kömək etsinlər. Ayrılan vəsaitin 50 faizi iqlim fəaliyyətinə, yaşıl enerji texnologiyalarına yönələcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə 2R2F adlandırdığımız maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu fond kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək".