İranın cənub-qərbində yerləşən Karun atom elektrik stansiyasının birinci enerji blokunun tikintisinin əsas mərhələsi, o cümlədən bünövrə üçün betonun tökülməsi 2024-cü ilin payızında başlayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami məlumat verib.

"Karun stansiyasının "nüvə adasının" (enerji blokunun nüvə reaktorunun işini təmin edən bina və tikililər toplusu - red.) ilk betonu bu ilin payızında töküləcək", - İslami bildirib. 

İslami qeyd edib ki, hazırda şlaqbaumların çəkilməsi, tikinti sahəsinin hazırlanması və təchiz edilməsi də daxil olmaqla işlər davam edir.

"İranda İslam inqilabından əvvəl Fransa ilə Karun AES-in tikintisinə dair müqavilə bağlanmışdı, lakin inqilabın qələbəsindən sonra müqavilə dayanıb və demək olar ki, bütün işlər yarımçıq qalıb", - İslami xatırladıb. 

Onun sözlərinə görə, bu atom elektrik stansiyasının tikintisi İrana ölkənin nüvə elektrik enerjisi istehsalında 50 illik geriləməsini kompensasiya etməyə imkan verə bilər.