Ötən gün sosial şəbəkələrdə "Ağ" partiya sədri Tural Abbaslı 2-ci Qarabağ Müharibəsi dövründə vətənpərvərlik mahnılarıyla məşhurlaşan Rövşən Binəqədili ilə bağlı paylaşım edərək, telekanallar və Mədəniyyət Nazirliyinin müğənniyə daha çox qayğı göstərməli olduğunu qeyd edib. O bildirib ki, bayağı müğənnilərlə efirləri dolduran kanallar onu efirlərə çağırmırlar.

Müəyyən bir kütlə bu cür mahnıları dinsələ də, bayağı hesab edənlər də az deyil. Bəs bu cür mahnıların efirlərdə, radiolarda səsləndirilməsi doğrudurmu?

İqtisadiyyat.az mövzu ilə bağlı bəstəkar Cavanşir Quliyevin fikirlərini öyrənib. O bildirib ki, mahnını bəyənməsə də, efirdə səsləndirilə bilər:

“O mahnı efirlərimizdə səslənən mahnılardan heç də pis deyil. O demək deyil ki, yüksək keyfiyyətli mahnıdır, amma bu tip mahnılar ölkəmizdə həmişə olub. Xalq yaradıcılığı müxtəlif mövzularda olur, həmçinin də hərbi mövzuda. Biri bəyənər, biri bəyənməz başqa məsələ. Mən bəyənmədim bu mahnını, amma efirlərimizdə ondan da keyfiyyətsiz mahnılar səslənir”.

Bəstəkar həmçinin siyasətçilərin bu sahədə fikir bildirmələrinin doğru olmadığını qeyd edib:

“Tural Abbaslı musiqişünas deyil, siyasətçidir. Ümumiyyətlə, yaxşı olar siyasətçilər siyasətlə məşğul olsunlar. Bu məsələlərlə musiqişünaslar məşğul olsa, yaxşı olar”.

 

Cavidan Mirzəzadə / İqtisadiyyat.az