İqtisadiyyat.az modern.az-a istinadən xəbər verir ki, səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Bala Bəhmənli kəndində 2570 nəfər yaşayır. Kənddə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri  tam həll olunub, kənd sakinlərinin hər birinə “çörəkpulu” və kommunal xərclərə görə 60 manat olmaqla ayda 132600 manat vahid aylıq müavinət ödənilir.  Məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.

Bala Bəhmənli kəndində məktəb, poçt, uşaq bağçası, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Torpaq istifadəçilərinə  dövlət tərəfindən 35337 manat subsidiya ödənilib.

Bildirilib ki, Bala Bəhmənli kəndindən 451 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 382 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri əmək haqlarının, pensiya və təqaüdlərin, o cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin artırılmasına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.