Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra vergiödəyiciləri arasında ən çox müzakirə olunan məsələlərdən biri də sadələşdirilmiş vergiödəyicisinin statusunun dəyişdirilməsidir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən azərtac-a bildirilib ki, xüsusilə xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar bu cür hallarla tez-tez qarşılaşırlar. Belə ki, kurs tədrisi ilə məşğul olan sahibkarın əsas müştəriləri vergiödəyiciləri olan şəxslərdir. Cari ilin ilk rübündə müştərisi vergiödəyicisi olduğu üçün həmin sahibkar sadələşdirilmiş verginin ödəyicisi hüququnu itirib. O, bu ilin ikinci rübündə gəlir vergisinin ödəyicisi kimi fəaliyyətinə davam edib və yenidən sadələşdirilmiş vergiödəyicisi olmaq arzusundadır. Bu halda vergiödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərdiyi üçün həmin ilin sonuna qədər vergi rejimini dəyişə bilməz. Xidmət sektorunda sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən belə sahibkarlar yalnız vergi ili başa çatdıqdan sonra yenidən sadələşdirilmiş verginin, yaxud gəlir və ya mənfəət vergisinin ödəyicisi olmaq hüququna malikdirlər. Bu statusun dəyişdirilməsi məsələsinə vergiödəyicisinin ərizəsi əsasında baxıla və müvafiq qaydada razılıq verilə bilər.