“Azərbaycanla Ermənistan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur”.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesini şərh edib. O qeyd edib ki, Rusiyanın hazırkı vəzifəsi hər iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yollarını tapmaqda kömək etməkdir:

"Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında nizamlanmanın əsasları yaradılıb. Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir. Rusiya tərəfində Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan materiallar var. Ümid edirəm ki, Ermənistan xarici oyunçuları cəlb etmək əvəzinə üçtərəfli nizamlamaya üstünlük verəcək. Moskva hər zaman dialoq üçün platforma təqdim etməyə hazırdır". 

 

Sadiq Cavadov