2016-cı ildən banklarda Əmanətlərin Sığortalanması Haqqında qanun qüvvədədir. Devalvasiyalardan sonra bu qanunun qəbul edilməsi zəruri idi. 3 il müddətinə nəzərdə tutulmuş layihənin vaxtı  bu il yekunlaşmalı olduğu halda banklarda yaranan problemlərə görə, proses daha 1 il də uzadıldı. Devalvasiyalardan sonra bank sisteminin və vətəndaşların düşdüyü ən çətin durumlardan biri də kreditlər oldu. Problemli Kreditlərin həlli üçün isə ötən ayın sonu ölkə prezidenti fərman verdi. Bəs görəsən problemli kreditlərin həll olunmasından sonra bankların daha hansı çətinlikləri qalacaq? Növbəti illərdə Əmanətlərin Sığortalanması Haqqında qanunun uzadılmasına ehtiyac varmı? Suallarımızı ekspert Samir Əliyev cavablandırıb.

“İlk baxışdan elə görünür ki, problemli kreditlərin həll olunması ilə bankların bağlanmasının qarşısı alınacaq və əmanətlərin sığortalanmasına ehtiyac qalmayacaq. Əslində bizdə əmanətlərin sığortalanması var, söhbət tam sığortalanmadan gedir. Ona görə əmanətlərin sığortalanması qanununun 1 il daha uzadılmasını istədik ki, bəzi əmanətçilərin banklarda qoyduğu məbləğ yüksəkdir. Onlar qəflətən pulları geri çəkərsə, bu banklar üçün problemlər yarada bilər. Buna görə də sığortalanma haqqında qanun uzadılmalı idi. Yanaşma belədir ki, bankların bütün problemləri həll olunana qədər əmanətlərin sığortalanması qanunu qalmalıdır. Problemli kreditlərin həlli o demək deyil ki, bank sektorunda problemlər aradan qalxacaq. Bundan sonra da bəzi banklar var ki, onlarda yenə problemlər qalacaq. Yəni, aktivlər ki var, onlar 100% sağlamlaşdırıldıqdan sonra düşünürəm ki, bu qanuna baxmaq olar. Problemli kreditlərin həllindən sonra bankların durumuna baxıb demək oalr ki, əmanətlərin sığortalanması qalsın yaxud ləğv edilsin”.

 

Mehman Nəbiyev