İqtisadiyyat.az-ın məlumatına görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə nağd pul hesablaşmalarını Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. Onlayn kassa yeni nəsil nəzarət-kassa aparatlarıdır. Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Bu müasir avadanlıq mağazaların nağd, eləcə də kartlarla edilən bütün satış dövriyyəsi haqqında məlumat ötürə bilir. Məlumatlar Vergilər Nazirliyinin elektron informasiya bazasına daxil olur. Onlayn kassalardan mal və xidmətlərə aid dövriyyədə şəffaflıq əldə etmək üçün istifadə olunur. Alıcı istənilən vaxt əldə etdiyi qəbzin üstündəki QR kodunu oxuyaraq, məlumatın düzgünlüyünü yoxlaya bilir. Yeni nəsil nəzarət-kassa aparatının meyarları, Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulması və ölkə ərazisində mərhələli şəkildə tətbiqi ilə bağlı əlavə qaydalar hazırlanır. Nazirliyin məqsədi kassa aparatları sahəsində şəffaflığın təmin olunmasıdır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir. Nəticədə nazirliyin sistemində vergi ödəyicilərinin əməliyyat məlumatları daha düzgün olacaq və bu, satış mühasibatında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır. Qaydalar hazırlanandan və meyarlar müəyyənləşdirildikdən sonra elektron kassalara keçidin necə baş verəcəyi, bunun kütləvi və ya mərhələli şəkildə olacağı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Qaydalara görə, yeni nəsil nəzarət-kassa aparatları ilkin olaraq iri "Mall" tipli ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri, şadlıq evləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə, daha sonra isə digər obyektlərə yerləşdiriləcək.