ABŞ-ın İrandan neft alışına qadağası bu gündən tam qüvvəyə minir. Yəni, hansı ki, 8 ölkəyə (Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, Türkiyə, Yunanistan və İtaliya) İrandan neft almağa mayın 2-dək möhlət verilmişdi - bu gündən etibarən, həmin ölkələr də adı çəkilən ölkədən neft almağı dayandırmalıdırlar. Ancaq ilk olaraq Çin ABŞ-ın bu göstərişini yerinə yetirməyəcəyini rəsmi şəkildə qeyd edərək, İranla əvvəlki əməkdaşlığın davam edəcəyini bildirmişdi. İqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, ümumilikdə İrandan neft idxalına qoyulan qadağanın tətbiqi sözsüz ki, neftin satış qiymətini qaldıracaq. Və bu, özünü hələ bir neçə gün bundan qabaqdan göstərir. Belə ki, qiymət artıq, neçə gündür 70 dolların üstündədir. Düzdür, ABŞ prezidenti Donald Trampın Ər-Riyada telefon zəngi nəticəsində qiymət yüksəlişinin qarşısı alındı, lakin hər halda yenə 70 dollardan yuxarı səviyyədədir.

Bəs, bundan sonra vəziyyət necə olacaq, dəqiq desək, bizi neftin dünya bazarlarında hansı qiymət səviyyəsi gözləyir? Sualına ekpsert belə cavab verib: “Bəli, İranın bazardan sıxışdırılması nefti bahalaşmağa doğru meyl etdirəcək. Lakin, qiymət səviyyəsi 80 dolları keçən deyil. Keçsə də belə, bu, qısa zaman çərçivəsində müşahidə olunacaq. Çünki ABŞ və Səudiyyə Ərəbistanı cütlüyü buna imkan verməyəcəklər. Bəli, bazarda əsas "söz sahibi" məhz, bu 2 ölkədir. Və hər ikisi də İranı neft satışında tərəf kimi görmək istəmirlər. Səudiyyə Ərəbistanı bundan ötrü Vaşinqtonun bütün istəklərini tam yerinə yetirməyə hazırdır. Amma bir şərtlə... Qiymət, uzaqbaşı 50 dollaradək enə bilər, bundan aşağı yox. Yəni, Ər-Riyad Vaşinqtondan fərqli olaraq, qiymətin çox da ucuzlaşması ilə razı deyil. Çünki bu, Səudiyyənin iqtisadi mənafeyinə ziddir. ABŞ isə neftin qiymətinin 40 dollardan hətta aşağı səviyyədə də olmasına belə, razıdır. Baxmayaraq ki, bu, onun şist sənayesinə məqbul qiymət həddi deyil. Sözüm bunda deyil. Odur ki, dünya neft bazarında qiymət səviyyəsi bu il ərzində ən çox 70-80 ABŞ dolları səviyyəsində olacaq. Və bu, ABŞ-Səudiyyə Ərəbistanı sözügedən sahədə "əməkdaşlığının" hesabına baş tutacaq. Yeri gəlmişkən, yaxında OPEC+ ölkələrinin hasilatı müəyyən həddə artıracaqları haqda qərar da qəbul ediləcəklərinin şahidi ola bilərik. Ancaq bu, dəqiq deyil. Baxır, bazarda təklif sarıdan vəziyyətin necə olacağına”.

Neft qiymətləri ilə bağlı gözləntiləri İqtisadiyyat.Az-a şərh edən neft sahəsi üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bundan sonrakı dövr üçün neftin qiymətlərinin 65-70 dollar olmasının daha real olduğunu bildirib.

“Aprelin 19-u ABŞ administrasiyası öz mövqeyini açıqlayan kimi, neftin qiymətlərində artım baş verdi. 8 ay ərzində ilk dəfə olaraq qiymətlər hətta 75 dollar həcmini aşdı. Ancaq sonra neftin qiymətlərində korreksiya baş verdi və qiymətlər 75-70 arası dəyişdi. Hazırda neftin qiymətlərinin bu həddə olması hesab edirəm ki, kifayət qədər yüksəkdir. ABŞ-ın İranın neft gəlirlərini sıfıra endirmək istiqamətində ortaya qoyduğu faktor da qiymətlərin 70-75 dollar olmasına şərait yaradıb. İnanmıram ki, dünya bazarında neftin qiyməti 80 dollar və ondan yuxarı həddə çatsın. Ona görə ki, bazar qiymətlərinin o həddə gəlib çatması risqləri özündə ehtiva edir. Həmçinin Səudiyyə Ərəbistanının bazarı kifayət qədər neftlə təmin etməsi barədə açıqlaması, ikinci bir tərəfdən Çin iqtisadiyyatının əvvəlki tempdə yəni, enerjini kifayət qədər tənzim etmək qabiliyyətində o proqnozları doğrultmaması ona dəlalət edir ki, məhz neftin qiymətlərinin bundan sonrakı dövr ərzində 65-70 dollar olması daha realdır”.

 

Mehman Nəbiyev