Yəqin ki, axşam saatlarında restoranların tüstüsünün şəhəri bürüməsinə şahid olmusunuz. Əsasən də şəhərin mərkəzdən nisbətən kənar yerlərində təmiz hava əvəzinə tüstü udmağa məcbur oluruq. Şadlıq saraylarının sıra ilə düzüldüyü yerlərdə vəziyyət daha da gərgindir. Bu anomal hal isə şəhər sakinlərini, şəhərimizə gələn qonaqları olduqca narahat edir. Mövzu ilə əlaqədar İqtisadiyyat. Az-a münasibət bildirən iqtisadçı ekspert Vüsalə Əhmədovanın sözlərinə görə, hər bir iaşə obyekti inşa olunmazdan əvvəl ərazi düzgün yerdə seçilməlidir.

“Bütün ictimai iaşə obyektləri ölçüsünə, müştəri sayına, xidmət profilinə,ətraf mühitin şəraitinə uyğun erqonomik dizayn edilməlidir. Erqonomik olan hər bir dizayn rahatlığı, gigiyenanı, təhlükəsizliyi, keyfiyyəti, ekoloji təmizliyi təmin edir. Restoranlar və şadlıq saraylarının mətbəxləri çox sayda işçi heyətinin birgə və stressli fəaliyyət göstərdiyi bir yerdir.Kommunalproblemli ərazilərdə şadlıq saraylarının tikilməsi doğru deyil. Ən önəmlisi, ictimai iaşə müəssisələrinin ətrafdakı yaşayış binaları, iş yerləri, məktəblər, universitetlər, ticarət obyektləri, dini obyektlər, parklar, hava limanı, metro ilə arasında olan məsafəyə diqqət yetirilməsi tələb olunur. HəttaTürkiyənin böyük şəhərləri daxil olmaqla, bir çox ərazilərində duman və qoxu,restoran sahibləri ilə məhəllə sakinləri arasında narazılıq yaratmasın deyə bələdiyyələrdən “baca icazəsi” alınmaqdadır. Bunun üçün restoran sahibləri ərizə ilə rayon bələdiyyələrinə müraciət edirlər. Bələdiyyələr bu cür icazələri o halda verir ki, ictimai iaşə müəssisələrindən çıxan duman və qoxu ətraf mühitə heç bir zərər verməsin. Buna görə də, restoranlar yüksək baca və yaxşı filtrasiya sistemləri quraşdırmaq məcburiyyətindədirlər. Bu xidmət Azərbaycanda da reallaşsa hava korlanmaz, problem də yaranmaz.

Ekspert verdiyi açıqlamada dünya təcrübəsində istifadə olunan mexanizmlərdən və qaydalardan da bəhs edib. İqtisadçı bildirib ki, qlobal istiləşmə və aşırı çevrə kirliliyi fonunda “yaşıl restoran” (Green Restaurant) konsepsiyası dünyada geniş vüsət almaqdadır. “Yaşıl Restoranların” ənənəvi restoranlardan ən önəmli fərqi enerji və sudan səmərəli istifadə, ətraf mühitə bacardıqca az zərər vurma, tullantıları minimum səviyyəyə endirmə və təkrar emalını təşkil etməkdir. Bu tip restoranlarda sağlam qidalanma, yerli və mövsümi meyvə və tərəvəzlərdən, ət və süd məhsullarından, taxıl məhsullarındanistifadə,davamlı balıqçılıq, təhlükəli tullantıların ayrılaraq səlahiyyətli təşkilatlara çatdırılması, birdəfəlik istifadə olunan əşyaların davamlı ləvazimatlarla əvəzlənməsi, enerji və sudan səmərəli istifadə, dürüst ticarət, xüsusi təhsil almış personal konsepsiyası əsas götürülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova İqtisadiyyat.Az-a açıqlama verərkən bildirib ki, hazırki durumda şadlıq saraylarından havaya tüstü çıxmasının əsas səbəbi quraşdırılan filtrlərin yenilənməməsidir.

“Nazirlik tərəfindən ekologiyanı korlayan şadlıq sarayları və bu kimi digər obyektlərdə mütəmadi olaraq monitorinqlər keçirilir. Biz ötən ilin may ayında şadlıq saraylarına havanın korlanmasının qarşısını alan filter quraşdırmaq barədə xəbərdarlıq etdik. Həmin ərəfə Ramazan ayına düşdüyü üçün onların kifayət qədər vaxtı var idi. Çox sevindirici haldır ki, artıq şadlıq saraylarının və bu kimi obyektlərin 90%-i tələb olunan qurğuları quraşdırıblar. Ancaq təəssüflər olsun ki, yenə də oxşar hallara rast gəlirik. Apardığımız monitorinqlər nəticəsində aşkar olunub ki, şəhəri tüstüyə bürüyən obyektlərdə filterlər yenisi ilə əvəz olunmayıb. Bu barədə həmin obyektlərə xəbərdarlıq edirik. Xəbərdarlığımıza məhəl qoymayan sahibkarlara qarşı nazirlik tərəfindən sərt tədbirlər görüləcək. Cərimələr şəxsin fiziki və hüquqi olmasından, habelə atmosferə atılan tullantıların miqdarından asılı olaraq dəyişir. Əsas məqsəd cərimə toplamaq deyil. Əhali də bu baxımdan maarifləndirilməlidir”.

Qeyd edək ki, ölkə başçısı da ötən ilin oktyabr ayının 10-da, Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edərək, ekologiyanı çirkləndirən həmin obyektlərə ciddi xəbərdarlıq edib.

 

Mehman Nəbiyev