"Mərkəzi Bankın pul-kredit siyasəti vəziyyətdən çıxış yolu kimi dəyərləndirilə bilməz". 

 

 

Bu sözləri Mərkəzi Bankın uçot dərəcəsini 9% səviyyəsində saxlamasını şərh edən İqtisadçı ekspert, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın hazırkı mövqeyi məqsədəuyğun deyil:

"Mərkəzi Bankın ölkədə pul siyasətinin sərtləşdirilməsi və faiz dərəcəsi ilə bağlı qərarı ölkədə inflyasiyanın qarşısının alınmasına istiqamətlənmiş addım kimi görünür. Lakin reallıq budur ki, inflyasiya ilə mübarizə çərçivəsində dayanıqlı müsbət effekt gözlənilmir. Bu, işgüzar fəallığın stimullaşdırılmasına da şərait yaratmayacaq. Uçot dərəcəsi artarsa, bu, iqtisadi inkişafa mənfi təsir göstərəcək. 

Əslində Mərkəzi Bankın uçot dərəcəsinin iqtisadiyyata elə də böyük təsiri yoxdur. Hətta pul-kredit siyasətinin yumşaldılması nöqteyi-nəzərdən uçot dərəcəsinin sabit qalması və ya yumşaldılması vəziyyətdən çıxış yolu kimi dəyərləndirilə bilməz. Çünki iqtisadiyyata kəskin şəkildə pul və investisiya axını lazımdır. Mərkəzi Bank müvafiq kommersiya bankları vasitəsilə şaxələndirilmiş pul kanalları təmin etməlidir. Uçot dərəcəsinin sərtləşdirilməsi hazırkı şəraitdə müsbət addım ola bilməz. Mərkəzi Bank öz missiyasını dərk etməlidir. Mərkəzi Bank iqtisadi inkişafa dəstək verməlidir". 

Gülşən Şərif