Bu gün ümumtəhsil müəssisələrində şagird sıxlığı ciddi problemlərdən biridir. Bu problemin təhsilin keyfiyyətinə təsiri isə danılmaz faktdır. İkinövbəli dərs sisteminə keçid də problemin həllinə kömək etmir. Paytaxt və Abşeron rayonunda elə məktəblər mövcuddur ki, orada bir sinifdə 40 və daha çox şagird təhsil alır. Amma bir dərs saatının 45 dəqiqə olduğunu nəzərə alsaq, şagirdlərin bu müddət ərzində mənimsəyə bildiklərinin effekti və nəticəsi də gün kimi aydındır. 

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, şagird sıxlığı əsasən Bakı, Abşeron və Sumqayıt məktəblərində daha çox hiss olunur.

Onun sözlərinə görə, ölkədə şagird sıxlığına görə birinci yeri Xırdalan şəhəri tutur: "Bu gün regionlardan Bakı və Abşerona insan axını xeyli artıb. Bu baxımdan paytaxt və yaxın ərazilərdə əhali sıxlığı müşahidə olunur. Təbii ki, insanların övladları məhz məskunlaşdıqları ərazidə təhsil almaq məcburiyyətindədir. Yəni əhali sıxlığı orta məktəblərdə şagird sıxlığına birbaşa təsir edir".

Şagird sıxlığına qarşı atılan addımlar effektdirmi?

Şagirdlərin yerləşməsi normativinə toxunan E.Nuri söyləyib ki, bir sinif otağında şagirdə düşəcək sahə 2 kvadratmetr olmalıdır: "Əgər sinif otağı 50 kvadratmetr təşkil edirsə, burada 25 nəfərdən çox şagird oxuya bilməz. Çünki burada gigiyenik məsələlər, havanın təmizlənməsi, sinif otağında hava sıxlığının dövretmə prosesi kimi detallar nəzərə alınmalıdır. Təəssüf ki, bu gün 50 kvadratmetrlik sinif otağında 30 nəfərdən yuxarı şagird var".

Ekspert hesab edir ki, şagird sıxlığına qarşı atılan addımlar effektiv nəticə vermir və bu da başadüşüləndir: "2020-ci ildə ümumtəhsil müəssisələrində şagird sıxlığı normaları Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil olunur. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. Əminliklə, demək olar ki, bu gün Bakı məktəblərində şagird sayı 30 nəfərdən yuxarı olan siniflər var". 

Bəs problemin qarşısını necə almaq olar?

Elmin Nuri hesab edir ki, indiki şəraitdə şagird sıxlığının qarşısının alınmasının mümkünlüyü absurd məsələdir: "Çünki şagirdlərdən öncə əhali sıxlığının qarşısı alınmalıdır. Bu baxımdan regionlarda sosial təminat artırılmalı, işsizlik faizi aşağı salınmalı və həyat keyfiyyəti yüksəldilməlidir. Bu, insanların qeydiyyatda olduğu ərazidə məskunlaşmasına ciddi təsir edəcək. Eyni zamanda problemin həlli üçün şagirdlərin yerdəyişməsi ilə bağlı qaydalar asanlaşdırılmalıdır. Çünki indiki şərtlər olduqca çətindir. Məsələn, şagirdin ailəsi Xətai rayonunda yaşayırsa, uşaq ancaq Xətai rayonu üzrə yerdəyişmə edə bilər. Yerdəyişmə ilə bağlı dəyişikliklərin edilməsi məqsədəuyğundur. Bundan başqa, modul tipli məktəblərin inşası problemi həll edə bilər".

 

Gülşən Şərif