"Azərbaycan Dəmir Yolları" QSC mayda "Sabunçu" stansiyasının açılışını edəcək.

İqtisadiyyat.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov Bakı dairəvi dəmir yolu istiqamətində həyata keçirilən işlər barədə danışarkən bildirib.

C.Qurbanov qeyd edib ki, Abşeron dairəvi dəmiryolu xəttində aparılan işləri bir-iki aya bitirəcəyimizi düşünürdük, lakin orada iş çoxdur - çox yerlərdə kəsişmələr var. Avtomobil yolları ilə dəmiryolu xəttinin kəsişməsini aradan qaldırılması istiqamətində iş aparılır. Çalışırıq ki, bütün keçidlər yeraltı olsun. Bununla da təhlükəsizliyi və rahatlığı təmin etməyə çalışırıq.

"Sabunçudan Bakının mərkəzinə qədər ikinci marşrutu açacağıq. Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna yekunlaşacaq. Bunun üçün qatarlar sifariş edilib və iki əlavə qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə on dəqiqəyə bərabər olacaq”, - deyə C.Qurbanov əlavə edib.