Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydasının və həmin təhsil qrantının məbləğinin təsdiq edilməsi haqqında qərarda əksini tapıb.

Qərara əsasən, təhsil qrantı Azərbaycanın dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına həyata keçiriləcək və məqsəd həmin ölkələrin vətəndaşlarının təhsilinə yardım etməkdir.

Beləliklə, təhsil qrantı İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarına veriləcək.

Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Azərbaycan vətəndaşı olan və ya ölkə vətəndaşlığına xitam verilmiş şəxslərə ayrılmayacaq.