Xəbər verdiyimiz kimi, bu gün Bakı və Abşeron yarımadasında başlayan külək nəticəsində ətraf ərazilərdə tozlu hava şəraiti müşahidə edilir.

Küləyin yaratdığı fəsadlardan əlavə, tozlu hava şəraiti də yollarda və küçələrdə hərəkəti çətinləşdirir. 

Bəs tozlu hava şəraiti nə vaxta kimi davam edəcək? 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib ki, Azərbaycanda toz dumanının müşahidə olunması adi haldır və belə hal tez-tez müşahidə edilir:

“Bu toz dumanı yerli şəraitlə bağlıdır. Hazırda Şərqi Avropada siklon vəziyyət yaranıb. Onun bir qolu da Azərbaycandan keçir. Bakı və Abşeron yarımadasında, mərkəzi rayonlarda ancaq külək olacaq. Dağlıq ərazilərimizdə isə leysan xarakterli yağış yağacaq. 

Eyni zamanda quraqlıq ərazilərimizdə necə müddətdir havanın temperaturu bir qədər yüksəkdir. Ona görə toz dumanının olması gözlənilən hal idi. Təşvişə düşməyə dəyməz. Çünki təxminən sabaha və ya o biri günə zəifləyəcək”.