Fövqəladə Hallar Nazirliyi (FHN) məşhur parfumeriya və kosmetik məhsullar satan mağazalar şəbəkəsi "Adore Kompani" MMC-də nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, nöqsanlar yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə tələblərə əməl olunmamasından ibarətdir.

Buna görə də nazirlik şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.

MMC-nin barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Adore Kompani" “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyət göstərir. “Adore” isə keçmiş “İdeal” mağazalar şəbəkəsidir. Bir müddət əvvəl "Adore Kompani" nizamnamə kapitalını 8 869 500 manatdan 100 000 manata azaldığını elan edib.