Təkrar mənzil bazarında qiymət artımı müşahidə olunur. Belə ki, bu evlərin qiyməti mart ayı ərzində 1.17%, il ərzində 5.81% artıb. Yeni mənzillərin qiymətinə gəldikdə isə qiymətlərin mart ayında 3% azalması, il ərzində 5.68% artması qeydə alınıb. Həmçinin həyət və bağ evlərinin qiymətində də artım müşahidə olunub. Belə ki, həmin evlərin qiyməti mart ayında 4.75%, il ərzində isə 2.18% artıb. Bəs qiymət artımına səbəb olan amillər hansılardır?

Daşınmaz əmlak üzrə iqtisadçı ekspert Rəşad Əliyev İqtisadiyyat.Az-a açıqlama verərkən daşınmaz əmlak bazarında hər hansı dəyişikliyin olmadığını bildirib.

“Ümumi götürsək son 2-3 ayda daşınmaz əmlak bazarında hər hansı dəyişiklik olmayıb. Ancaq hündürmərtəbəli binalarda mənzillərin sənədləşməsi qərarından sonra, həmin binalardakı satıcılar qiymətləri müəyyən qədər artırmışdı. Bu da təbiidir ki, sənədsiz evlərin sənədləşməsi istər istəməz qiymətləri artırır. Ancaq bu yenə də bahalaşma demək deyil. Çünki yeni qiymətlər artıq sənədli evlərin qiymətləridir və bu qiymətlər də sənədli evlərin qiyməti ilə eyniləşdiriləcək”.

Rəşad Əliyev bütün bunlarla yanaşı sənədləşmənin cüzi qiymət artımına səbəb olduğunu vurğulayıb: “Bunu da deyim ki, bazarda kiçik də olsa psixoloji təzyiq var. Bu da 2 amildən irəli gəlir. Birincisi əksər tikinti şirkətləri tərəfindən normativlərə görə fəaliyyət dayandırılmışdı. İkincisi isə sənədləşmə ilə bağlı həmin mənzillərin qiymət artımına gətirib çıxarmışdı. Bu hardasa təklif qiymətlərində cüzi də olsa artıma səbəb olmuşdu. Ancaq real əməliyyatlarda qiymət artımı nəzərə çarpan deyil”.

Daşınmaz əmlak üzrə mütəxəssis Anar Nəsirov İqtisadiyyat.Az-a açıqlama verərkən köhnə mənzillərin yenilərə nisbətən daha əlverişli olmasından danışıb.

“Əvvəlki illərlə müqayisədə yeni mənzillərə marağın azalması və qiymətlərin enməsi müşahidə olunur. Bu isə ilk olaraq həmin şirkətlərin bir-birilə rəqabət aparmağından və endirim təklifləri verməsindən irəli gəlir. Həmçinin o mənzillərin kv.m-in çox olması səbəbilə təmir üçün artıq vəsait tələb olunur. Kommunal xərclərin miqdarı, otaqların isidilib-soyudulması, sonradan hər hansı təmir prosesi aparılan zaman xərclənnə vəsait  baxımından da köhnə mənzillər yeni mənzillərə nisbətən əlverişlidir. Köhnə mənzillərin digər üstünlüyü Leninqrad, Ekistirimental, Kiyev lahiyəli 9 mərtəbəli binalara banklar tərəfindən dövlət ipotekasının verilməsidir. Yəni, alıcıya ayrılmış ipoteka, banklar tərəfindən ancaq bu kimi lahiyələrə verilir. Çünki bu kimi 9 mərtəbəli binaların sökülmə təhlükəsi azdır. Sovet dövründə tikilmiş bu evlərin digər üstünlüyü, onların lahiyələrində kvadratın az olmağı ilə yanaşı külək çəkən otaqların və mətbəxin ayrı olmasıdır. Yəni, 80 kv.m olan yeni mənzili 2 otaq etmək üçün hardasa pəncərə olmamalıdır. Məhz bu kimi səbəblərə görə köhnə mənzillərə tələbat çoxdur”.

Anar Nəsirov həyət evlərinin bahalaşmasından danışarkən bildirib ki, hər il mart ayının sonu sezonla əlaqədar bahalaşma və tələbat olur. “Bu il insanların aşağı qiymətli evlərə üstünlük verməsi Bakıətrafı yerlərdə həyət evlərinə tələbatı artırıb. Bahalaşmanın səbəblərindən biri odur ki, geniş tərkibli və büdcəsi az olan ailənin çoxotaqlı evə ehtiyacı var. Tələbatı binadan qarşılaya bilməyənlər həyət evlərinə üz tuturlar. Bu il həyət evlərinə daha çox marağın olacağını düşünürəm”.

 

Mehman Nəbiyev