"Qarşıdakı dövrdə elektrik mühərrikli avtomobillərə tələbatın artacağı gözləniləndir".

Bunu İqtisadiyyat.az-a nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Onun sözlərinə görə, ötən ilin 10 ayı ərzində ölkəmizə 11 091 ədəd elektrik mühərrikli avtomobil idxal olunub: "Bu avtomobillər, əsasən, Çindən və Avropa ölkələrindən gətirilir. Mövcud vəziyyətdə isə elektromobillərin ölkəyə gətirilməsi üçün bir çox stimullaşdırıcı addımlar atılmaqda davam edir. Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunan müddəalar elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlıdır. Bu addımın elektrik mühərrəkli avtomobillərin artmasına xüsusi töhfəsi olacaq. Sərəncam ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə və istismarına təkan verəcək". 

A.Əsədov hesab edir ki, Azərbaycanda elektromobillərə maraq yüksək səviyyədədir: 

"Azərbaycanda avtomobillərin  təxminən 80 faizinin ili 10 yaşdan yuxarıdır. Yəni, cəmi 20 faiz avtomobillər yeni hesab olunur. Bu baxımdan avtomobil parkının yenilənməsi vacib idi. Elektrik mühərrikli avtomobillər ekoloji cəhətdən təmiz olduğu üçün bu avtomobillərin ölkəmizdə istifadə edilməsi üçün şərait yaradılması təqdirəlayiqdir. Çünki dizel, benzin, qaz və hibrid mühərrikli avtomobillərlə müqayisədə elektrik mühərriki ilə hərəkət edən avtomobillərin havaya buraxdığı emissiyalar xeyli aşağıdır. Sadəcə olaraq, əsas məsələ qiymətlərin sürücülər üçün əlçatan olmasına şərait yaratmaqdır".

Qeyd edək ki, 2019-cu ildən elektromobillərin idxalı əlavə dəyər vergisindən azad idi, artıq bu ildən onların satışı da ƏDV-dən azad olunub. Eyni zamanda buraxılış ili 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin də həm idxal, həm də satışı ƏDV-dən azad olunub. Həmçinin elektrik doldurma qurğularının də idxalı və satışı ƏDV-dən azaddır. 

Gülşən Şərif