Xəbər verdiyimiz kimi Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 tələbə zəhərlənib.  Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başlayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  “Yeni Sabah”a açıqlamasında deyib ki,  ümumiyyətlə tələbələr bu cür qidalardan istifadəni azaltmalıdırlar:

“Ölkədə 15 minə qədər dönərxana var. Bilirsiniz, bütün ölkələrdə dönərxanalar cəld,o cümlədən zərərli qida yerləri sayılır. Dönərləri şişə taxandan sonra onun çölü qızarır, bişir. Dönərin içərisinə isə istilik getdikcə, onun şişə yaxın olan yerindən qan plazması - maye axır və qızarmış hissə ilə birlikdə istehlakçılara verilir.    Qeyd etdiyim qan plazmasında bütün heyvan xəstəlikləri cəmləşib.  Dönərləri bu cür  təhlükədən xilas etmək üçün Azərbaycanda iki müəssisə var: Onlar dönərləri hazırlayıb şişə taxandan sonra, mənfi 40 dərəcəli şok dondurmadan keçirirlər ki, qaz plazmasında olan mikroblar məhv olsun. Əslində, dönəri bu şərtlə yemək mümkündür”.

E.Hüseynov qeyd edib ki, Azərbaycanda 15 min dönərxanadan yalnız 100-ə yaxını təhlükəsiz dönərlərdən istifadə edir:

“Üstəlik quş, toyuq dönəri qadağan olduğu halda, onlara da müraciət edilir. Bu baxımdan, dönərxanaların əksəriyyəti təhlükəli xəstəliklər mənbəyidir. Təəssüf ki, hər kəs hansı yoldan asılı olmayaraq, pul qazanmağın tərəfdarıdır.

Tələbələr həftədə iki-üç dəfədən artıq dönər yeməsə, daha yaxşı olar. Çalışsınlar, dönərin içindəki ətin dadını itirən qatqılar  - məsələn, ketçup, mayonez - az olsun. Həmçinin,  tələbələr dönər alarkən, sertfikatın olub-olmadığını soruşsunlar”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dünyanın hər yerində dərman və qida təhlükəsizliyinə nəzarət edən qurumlar var:

“Biz tələbələrə  dönər yeməyi qadağan edə bilmərik. Əgər bu bişirilirsə, istehsal olunursa,  əsas məsələ  keyfiyyət parametrləri olmalıdır ki, zəhərlənmələr baş verməsin. Dönərlərin  qeyd etdiyim keyfiyyətə cavab verməsini təmin etmək lazımdır.

Əvvəla, dönərlərin müəmmalı ətlərdən hazırlandığı istiqamətində məlumatların olduğunu bilirik. Mən bunların doğru olduğunu demirəm, amma hər halda, araşdırılmalıdır. Bu cür ətlərin ölkəyə idxalı ilə kimlər məşğuldur?  Ümumiyyətlə, ticarət-iaşə müəssisələrində həmişə xüsusi nəzarət olur. Məsələn, İngiltərədə sanitar  idarələr bu sahəyə nəzarəti təmin edir. Zəhərlənmə faktı varsa, məsələ dərhal araşdırılmalıdır. Ümumi olaraq deyə bilərik ki, bu cür ayaqüstü qidalardan istifadə etməsinlər. Onlar mümkün qədər öz sağlamlıqlarına diqqət etsinlər”.