Yəqin ki, siz də nə vaxtsa elektron yükləmə aparatında cüzi bir səhv ucbatından pulunuzdan olmusunuz. Aparata ya pulu vaxtından əvvəl ödəniş edəndə, ya da pulu səhv yerdən təqdim edəndə ödəniş yerinə yetirilmir. Bununla da həm ödəməli olduğunuz məbləğ yerində sayır, həm də siz həmin məbləğdi itirmiş olursunuz. Belə bir hadisə “Paralel” qəzetinin parlament müxbiri Tahir Abbasın da başına gəlib. Həmkarımız düşdüyü vəziyyəti öz feysbuk hesabında paylaşıb. İqtisadiyyat.az həmin paylaşımı izləyicilərinə təqdim edir.

“Bu gün Azərbaycan Nəşriyyatının (Mətbuat prospekti 529-cu məhəllə) yanındakı avtobus dayanacağında yerləşdirilən MilliÖn aparatı ilə bank kreditini ödəmək üçün ödəniş etmək istəyirdim. Tələsdiyimdən aparatın pul daxil edilən yeri əvəzinə onun altındakı boş hissəyə pulu saldım və gördüm ki, MilliÖn aparatındakı ödəniş etdiyim məbləğ yazılmadı. Sonra pul daxil etdiyim yerin alt hissəsində qəsdən açılan boş yerə baxdım. Gördum ki, ödəniş edəcəyim pul MilliÖn aparatının boşluq olan içərisinə düşüb. Bununla bağlı MilliÖn aparatının qaynar xətti olan *0010 telefon nömrəsi ilə əlaqə saxladım. Mənə cavab verən Aytən xanıma bu cür hadisə ilə qarşılaşdığımı dedikdə, Aytən xanım məni borclu çıxardaraq bildirdi ki, səhv sizin olub və bu səbəbdən ödənişiniz baş tutmayıb. Mən isə Aytən xanıma sual etdim ki, nə üçün MilliÖn aparatında ödəniş yerinin alt hissəsində boşluü yaradılıb? Təəssüf ki, bu sualıma Aytən xanım cavab vermədi...


İndi MilliÖn aparatına cavabdeh olan KOMTEC LTD MMC şirkəti ( VEÖN 1300615891)ilə əlaqə saxlayıb, bu problemin dərhal həll edilməsini istəyirəm. Çünki bu cür hadisə gün ərzində bir neçə dəfə mənim kimi bəlkə də 100-lərlə vətəndaşın başına gəlir və nə qədərdə pullar qanunsuz yolla vətəndaşların ciblərindən oğurlanır.
Xahiş edirəm aidiyyəti dövlət orqanları bu məsələni ciddi nəzarətə götürsün və dərhal problem həll olunsun!”.

Məsələ ilə əlaqədar KOMTEC LTD MMC şirkəti ilə əlaqə saxladıq. Şirkətin müştəri xidmətlərinin əməkdaşı bildirdi ki, vətəndaşın qeydə alınan problemini həll etməyə hazırıq. Bunun üçün vətəndaş yalnız aparatdan götürdüyü ödəniş qəbzini və ya bankın ödəniş kodunu şirkətə təqdim etməlidir.

Mehman Nəbiyev