“Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyyə olundu. Bu dəyişiklik ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq bildirirəm ki, dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək.
İlk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir. Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.”

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı danışan deputat Vüqar Bayramovun sözlərinə görə, dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq:

 

 

“Bu isə pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayrıla bilməsinə imkan verəcək. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək. Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Nəticədə sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək.”