“Business Insight” şirkəti “Marka Mənsubiyyəti Araşdırması” ilə bağlı növbəti sorğusunu həyata keçirib.  Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1270 respondentlə həyata  keçirilib. Respondentlərə "Krediti hansı bankdan (banklardan) almısınız?" sualı da verilib.

İqtisadiyyat.Az xəbər verir ki, Azərbaycanda kreditlərdən istifadə edənlərin əksəriyyəti 2 bankın müştərisidir:

"Demək olar ki, Azərbaycan ailələrinin yarısı müxtəlif növ kreditlərdən istifadə edir (48%). Kreditlərdən istifadə edənlərin isə əksəriyyətinin "Kapital Bank"ın müştərisi olduğu aşkarlanıb. Sıralamada ikinci yeri "Unibank" tutur.

Ən çox müraciət Bakı şəhərinin payına düşür. İkinci ən çox müraciətin Aran iqtisadi rayonundan, üçüncü isə Lənkəran iqtisadi rayonundan olduğu müşahidə olunur",- Araşdırmada deyilir.

Əhalinin kredit tələbatı təbii olaraq ən çox istehlak istiqamətlidir (70.6%). Biznes üçün götürülən kreditlər isə ümumi kreditlərin 16.2% təşkil edir.

Daxili ödəniş qaydalarını sadələşdirən və kredit əməliyyatlarını asanlaşdıran mağazalar isə kreditləşmədə 12.2% paya sahibdir.