“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərman tam icra olunmayıb.

Hüquqşünas, bank eksperti Əkrəm Həsənov öz feysbuk hesabında bildirib ki, fəaliyyətdə olan banklar üzrə fərman demək olar ki, icra olunsa da, bağlanmış banklarda problemlər qalmaqdadır:

“Həmin bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur (ƏSF). Yəni problemi yaradan da bu fonddur. Xeyli borcalan vətəndaş var ki, indiyədək ƏSF onların xarici valyutada olan kreditləri üzrə dövlətdən kompensasiya vəsaitini amayıb və ya vətəndaşa qaytarmayıb. Fəaliyyətdə olan banklarda olduğu kimi, ƏSF da dövlətdən həmin vəsaiti tez almaqda maraqlı olmalıdır. Maraqlıdır ki, ƏSF vətəndaşa müəyyən məbləğin qaytarılmasında maraqlı olmadığı kimi, özünə çatacaq pulu almaqda da maraqlı deyil. Digər tərəfdən ƏSF bağlanmış bankların kreditorlarını da düşünmür. Amma bəzi banklarda (məsələn, “Bank Standard”, “Texnikabank”) ƏSF heç kompensasiya etdiyi sığortalanmış əmanətlərin də məbləğini geri götürə bilməyib. Buna görə də problemli kreditlər üzrə dövlətin ödəyəcəyi vəsaiti götürməkdə maraqlı olmalı idi”.

Ə. Həsənov ƏSF-nin problemli kreditlər üzrə dövlətin ödəyəcəyi vəsaiti götürməkdə maraqlı olmamasının səbəblərinə aydınlıq gətirib:

“Bank ictimaiyyəti çərçivəsində sirr deyil ki, ƏSF Maliyyə Bazarlarına Nəzarət Palatasının buraxdığı səhvi ört-basdır etmək üçün belə edir. Məlumdur ki, sözügedən fərmanın hazırlanmasında Palata iştirak etməyib. Hamı kimi Palata fərman haqda mətbuatdan xəbər tutub. Amma fərmanın müəllifləri onun əhatə edəcəyi borcalan sayı və ən əsası dövlət tərəfindən ödənilməli olan məbləğ haqda məlumatlı olmalı idilər. Bu məlumatı isə yalnız Palatadan əldə etmək olardı. Buna görə də müəlliflər Palataya müraciət edərək borcalanlar və borc məbləği haqda məlumatı alıblar. Lakin savadsızlıq və naşılıq atributu olan Palata yalnız balans məlumatlarını ötürüb. Balansarxası məlumatları isə verməyib. İstisna deyil ki, fərmanın müəllifləri də Palataya sorğunu dolğun verməyiblər və məhz buna görə də Palatanın məlumatı tam olmayıb. Amma hər bir halda, Palata bank sahəsinə nəzarət edən peşəkar qurum kimi sorğunu dəqiqləşdirməli və məlumatı tam verməli idi”.

Ekspert vurğulayıb ki, fərman müəlliflərinə düzgün məlumat verilmədiyi üçün dövlətin ödəməli olduğu məbləğ haqda yanlış hesablamalar aparılıb:

“Əslində dövlət təxmini 700 mln. manat deyil, daha çox məbləğ ödəməlidir. Buna görə də Fərmanın əsas icraçısı olan Palata qarşısında ilk gündən çatışmayan məbləği haradan tapması ilə bağlı ciddi problem yaranıb. Palata dərhal başa düşdü ki, bu işdə (səhvini ört-basdır etməkdə) fəaliyyətdə olan banklar ona kömək etməyəcək. Çünki onlar qısa zamanda pullarını götürməkdə maraqlıdır. Maraqlı olmayan isə ləğv prosesində olan banklardır. Bu bankları  min cür oyundan çıxan ƏSF-ə tapşırıblar. ƏSF isə faktiki olaraq Palatanın tabeliyindədir. Yəni bağlanmış bankların xarici valyutada olan problemli kreditləri üzrə dövlətdən kompensasiyanı almaqda maraqlı olmayan ƏSF bununla Palataya kömək edir. Bu kömək elə çərçivədə edilir ki, dövlətin ayırdığı təxmini 700 mln. manat məbləği aşılmasın və ölkə rəhbərliyi işdən hali olmasın”.

Ə. Həsənov prosesin necə aprıldığına da aydınlıq gətirib:

“Palatanın və ƏSF-nin hesablaması (məntiqi) təxmini belədir: 1) vətəndaşların əksər hissəsi onsuz da ya haqqını bilmir, ya da tələb etmir (qorxur və s.), buna görə də onların krediti üzrə dövlətdən heç nə almayaq və deyək ki, güzəştə düşməyən borclardır və vətəndaşdan tam ödənişi tələb edək; 2) haqqını bilən vətəndaşlar isə uzaqbaşı məhkəməyə üz tutacaq, ƏSF-nin isə bağlanmış banklarda sığortalanmış əmanətlərin kompensasiyasından yayınmaq və əmanətçiləri məhkəmələrdə bir neçə il çürütmək kimi böyük təcrübəsi var. Nəticədə ayrılan məbləğ aşılsa belə (əgər əksəriyyət məhkəmələrə üz tutsa), bu bir neçə ildən sonra bəlli olacaq”.

Ə. Həsənov qeyd edib ki, haqqı tapdalanan borcalanlar, məhkəmələrə üz tutmalıdırlar:

“Dövlətdən özlərinə düşən kompensasiyanı tələb etməlidirlər”.

Ekspert bildirib ki, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən banklar ümidsiz kreditləri balansdan silməlidir:

“Yəni ümidsiz kreditləri balansda saxlamaqla banklar maliyyə vəziyyətlərini olduğundan yaxşı göstərməkdə maraqlıdır.  Buna görə də qanunvericilik tələb edir ki, banklar balanslarını şişirdərək ictimaiyyətdə və müştərilərində barələrində yanlış təsəvvür yaratmasınlar. Amma hər bir halda qaytarılmayan kreditin balansarxası uçotu davam edir. Problemli dollar kreditlərinin əksəriyyətində vəziyyət məhz belədir. Fevralın sonunadək onların çoxu ümidsiz idi, amma dövlət məzənnə fərqini üzərinə götürərək faktiki olaraq banklar üçün diriltdi”.

Ekspert fərmanda bağlanmış banklar üzrə daha bir problemə də diqqət çəkib:

“Diqqət çəkən məqam, borcalanlarla yeni güzəştli kredit müqaviləsinin bağlanmasıdır. Məsələ burasındadır ki, ləğv prosesində olan bank kredit müqaviləsi bağlaya bilməz, çünki artıq bank lisenziyası yoxdur. Bu, artıq fərman müəlliflərinin səhvidir. Dediyim kimi, onların da səviyyəsi yüksək deyil və Fərmanın mətnindən bu, açıq-aşkar sezilir. Korrupsiya və işğal olunmuş torpaqlarla bərabər ölkənin əsas problemlərindən biri savad və kadr məsələsidir”.  

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixində fərman imzalayıb. Fərmana əsasən vətəndaşın banka devalvasiyayadək 10000 dollaradək borcu olubsa, dövlət oradakı məzənnə fərqini öz üzərinə götürür. Yəni həmin fərqi banka dövlət ödəyir. Vətəndaş artıq həmin fərqi banka ödəyibsə, dövlət ödənilən məbləği banka qaytarır. Fərmanın 1-ci bəndinə əsasən bunun icrasına 3 ay vaxt verilmişdi. Yəni mayın 28-də proses bitməli idi.