Azərbaycanda quzu ətinin kəskin bahalaşması ilə bağlı məlumatlar yayılıb. İddialara görə, Bakı və rayonlarda quzu ətinin qiymətində 3-4 manat artım müşahidə olunur və artıq quzu ətinin bir kiloqramı 20 manata təklif edilir.

Kənd təsərrüfatı eksperti, iqtisadçı Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bayram ərəfəsində quzu əti kəskin bahalaşıb.

Onun sözlərinə görə, hələ bir müddət qiymətlər belə də qalacaq. Ekspert indiki məqamda ət məhsullarının qiymətində azalmanın gözlənilmədiyini söyləyib: “Bayram ərəfəsində quzu ətinin bir kiloqramı, təxminən, 20-23 manata satılırdı. 10 kiloqramlıq quzu bazarda 220-230 manata təklif olunurdu. Ümumiyyətlə, ətin qiymətinin artması gözlənilən idi”.

A.Nəsirli bildirib ki, bazarda bolluq yaratmaqla qiymətləri sabitləşdirmək olar. Onun sözlərinə görə, bu da təkcə idxal hesabına mümkün deyil: “Çünki idxal olunan heyvanın qiyməti ucuz başa gəlsə də, daxildə müəyyən proseslər səbəbindən bahalaşır. Digər tərəfdən idxal əti bazara çıxarılmır. İdxal ətindən əsasən çoxsaylı şəxsi heyəti olan müəssisələrdə istifadə edilir. Bu baxımdan hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə heyvandarlıq sürətlə inkişaf etdirilməlidir. Çünki o ərazilər heyvandarlıq üçün çox əlverişlidir. Hətta SSRİ dönəmində Azərbaycanın heyvandarlıq təsərrüfatının 80-90%-ni həmin ərazilər ödəyirdi”.

 

Sadiq Cavadov