Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 % artaraq 1 milyon 733,9 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,3 %-i təhsil, 18,7 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 % artaraq 839,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.