Kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olan şəxslər bu məhsulların bilavasitə istehsalçısı hesab edilmirlər. Belə olan halda, müntəzəm qaydada kənd təsərrüfatı məhsullarının alqı-satqısını həyata keçirən şəxslər vergi orqanlarında qeydiyyata durmalı və adi qaydada vergi öhdəliklərini yerinə yetirməlidirlər.

İqtisadiyyat.Az azərtac-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.

N.Şirinov vergiödəyicisinin kənd təsərrüfatı istehsalçısından mal aldıqda onun kənd təsərrüfatı istehsalçısı olduğunu sübut edən sənəd kimi hansı sənədləri tələb etməlidir sualına da aydınlıq gətirib: "Vergiödəyicisi həm ailə kəndli təsərrüfatlarından, həm də adi rejimdə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları ala bilər. Vergiödəyicisi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən malları alırsa, malların alış aktı - ciddi hesabat blankı üzrə alqı-satqı əməliyyatları həyata keçirilməlidir. Fiziki şəxsin adı və soyadı, şəxsiyyət vəsiqəsinin rekvizitləri, alınan malların tərkibi həmin alış aktında mütləq qaydada qeyd olunmalıdır".

Departament rəhbəri qeyd edib ki, bu zaman kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı torpaqlarının təsdiqedici sənədləri də bu alış aktına əlavə edilməlidir. Həmçinin ödənilmiş məbləğlər barədə ödəyən şəxs tərəfindən vergi orqanlarına məlumat verilməlidir.

O deyib ki, kənd təsərrüfatı məhsullarının alışı fiziki şəxslərdən deyil, ailə kəndli təsərrüfatlarından həyata keçirildikdə alqı-satqı fərqli qaydada rəsmiləşdirilir: "Yəni ailə kəndli təsərrüfatları hüquqi şəxs deyil, adi rejimdə fəaliyyət göstərirlər və onlar vergiödəyicisi hesab olunmurlar. Bir şərtlə ki, onların illik dövriyyəsi müəyyən edilmiş həddi keçməsin. Əgər illik dövriyyəsi müəyyən edilmiş həddi keçmirsə, ailə kəndli təsərrüfatları bələdiyyələrdə qeydiyyata alınır və onlara "Bədədiyyələrin qeydiyyat vəsiqəsi" təqdim edilir. Bu halda yuxarıda qeyd etdiyimiz sənədlərlə yanaşı, "Bələdiyyələrin qeydiyyat vəsiqəsi" də əlavə edilməlidir. Eyni zamanda, ailə kəndli təsərrüfatlarına ödənilən vəsait barədə bədəiyyələrə məlumat verilməlidir".