Vətən müharibəsin başa çatmasından keçən müddət ərzində Azərbaycan dəfələrlə Ermənistan tərəfinə sülhlə bağlı təkliflərini göndərsə də qarşı tərəf ya bu prosesə xələl gətirən addımlar atıb, ya da prosesi qeyri-müəyyən səbəblərdən ləngidərək münasibətlərin normallaşmasına əngəl törədib. 

Bu günlərdə başa çatan Vaşinqton danışıqlarında ABŞ dövlət katibi Entoni Blinken tərəflərin sülhə əhəmiyyətli dərəcədə yaxınlaşdığını vurğulayıb. Sülh müqaviləsinin bağlanmasının regiona sabitlik gətirəcəyi hər kəsə məlumdur. Bəs bunun hansı iqtisadi üstünlükləri var.

İqtisadiyyat.az-ın suallarını cavablandıran millət vəkili Vüqar Bayramov sülhün iqtisadi təsirlərindən danışıb: “Sülh yalnız siyasi faktor deyil, eyni zamanda iqtisadi təsirlərə malikdir. Xüsusən makro ekonomik qiymətləndirmələr göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması bütövlükdə region ölkələrinin ümumi daxili məhsuldakı artım tempini daha da çoxaldacaq, regiona daha çox xarici valyutanın cəlb edilməsinə imkan verəcək. Eyni zamanda həm kapitalın, həm də bütövlükdə əmək resurslarının hərəkətinə müsbət təsir göstərəcək. Buna görə də sülh müqaviləsinin imzalanması regionun iqtisadi inkişafı baxımından vacib şərtlərdən biridir və təbii ki, bu kontekstdə Azərbaycan sülh müqaviləsinin daha tez bağlanmasında maraqlı olan tərəfdir”.

İqtisadçı-deputat sülh müqaviləsi ilə yanaşı, Zəngəzur dəhlizinin də iqtisadi əhəmiyyətindən söz açıb: “Sülh müqaviləsi həm də komunikasiyaların bərpa edilməsi və xüsusən Zəngəzur dəhlizinin reallaşması baxımından vacibdir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını quru nəqliyyatı vasitəsilə birləşdirəcək. Amma bu yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün vacib layihələrdən biridir. Zəngəzur dəhlizi bütövlükdə regionun daşıma imkanlarını artıracaq”.

V.Bayramov dəhlizin açılmasının Ermənistan iqtisadiyyatına verə biləcəyi müsbət təsirləri diqqətə çatdırıb: “Son dövrlər Ermənistan iqtisadiyyatında tənəzzül müşahidə olunur və iqtisadiyyatın asılılıq dərəcəsi yüksəlməkdədir. Belə ki, Ermənistan MDB-də xarici borcun ümumi daxili məhsuldakı payına görə ən pis göstəriciyə malik olan ölkədir. Xarici borcun ümumi daxili məhsuldakı payı 60 %-dən çoxdur. Bu həm də Ermənistanın ixrac imkanlarının məhdud olması ilə bağlıdır. Qiymətləndirmələr göstərir ki, bu layihənin reallaşması həm də Ermənistan üçün iqtisadi dividentlər gətirir. Çünki Ermənistan bununla daha çox məhsul ixrac etmək imkanına malik ola bilər ki, bu da Ermənistanın iqtisadiyyatına müsbət təsir göstərəcək. Baxmayaraq ki, bu gün Ermənistan və İran Zəngəzur dəhlizinin reallaşmasında maraqlı görünmürlər. Amma adıçəkilən ölkələr belə bu dəhlizin reallaşmasından gəlir əldə edə biləcəklər. O cümlədən digər ölkələr – Rusiya, Türkiyə, Gürcüstan da Zəngəzur dəhlizindən faydalana biləcəklər. Bu dəhliz Ermənistandan keçərək Azərbaycan, Naxçıvan MR, Türkiyə və Avropaya çıxış imkanı deməkdir. Ona görə də Zəngəzur dəhlizinin reallaşması bütöv regionun inkişafına müsbət təsir göstərəcək”.