Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Apa-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji İnkişaf və Planlama departamentinin rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu ilin iyun ayında ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, iyunda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 115,1 mln. manat təşkil edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 8% çoxdur.

"Ümumilikdə, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 590,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 16,4% çoxdur", - deyə R. Hüseyn qeyd edib.