İqtisadiyyat.az-ın məlumatına görə, "Marja" xəbər verir ki, bu barədə sığorta sektorundakı mənbə məlumat verib. "Son illər AVSMMİS üzrə zərərlilik artır və bəzi sığorta şirkətlərində artıq 120% təşkil edir. Bu məsələ bütün şirkətlərdə narahatlıq doğurur və onlar sözügedən məsələnin müxtəlif həll variantlarını təklif edir", - deyə mənbə bildirib. Onun sözlərinə görə, problemin mümkün həlli yollarından biri Gürcüstan modeli ola bilər. Bu modeldə sığorta agentləri qismində vasitəçilər yoxdur. "Bir neçə imkan var. İlk növbədə, agentlər üçün komissiyanın azaldılması variantı nəzərdən keçirilir. Lakin bu məsələdə razılığa gəlmək çətindir. Həmçinin AVSMMİS müqavilələrinin satışı zamanı agentlərin xidmətindən imtina edilməsi təklif olunur”, - deyə mənbə qeyd edib.

İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2018-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı yığımını 2017-ci illə müqayisədə 3,1% - 95 mln. 440,5 min manatadək (hesabat dövründə sığortaçıların sığorta haqlarının 13,1%-i) artırıb. 2018-ci il ərzində sığortaçılar tərəfindən AVSMMİS üzrə 53 mln. 505,2 min manat (artım 19,5%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 22,3%-i həcmində ödəniş həyata keçirilib.