Bu qərarı verən şəxslərin dünya görüşü ən azından 50 il geridə qalıb. Onlar müasir şəhərin nə olmasını başa düşmək istəmirlər, təfəkkür Sovet zamanının "zastoy" dövründən irəli getməyib. Onlar üçün şəhərin küçəsi avtomobil yoludur, eyni səviyyəli piyada keçidləri və işıqforlar mənfi bir anlama gəlir. Piyadalar isə ikinci dərəcəli iştirakçılardır. Ən acınacaqlısı odur ki, cəmiyyətin böyük bir hissəsi eyni fikri paylaşır, çünki bu köhnəlmiş ideyalar beyinlərə o qədər yeridilib ki, artıq aksiomaya çevrilib.
Moskva prospektinin problemi nə işıqfordur, nə də piyada keçidi. Problem odur ki, bu bəxti qara küçə şəhərin girişi və çıxışı fuknsiyasını daşıyır və eyni zamanda bir çox avtobus marşrutlarının əsas dayanacağıdır. Əsas problem odur ki, buradan çoxlu sayda avtomobil keçir, şəhər isə avtomobil istifadəsini heç cür tənzimləmir. Odur ki, işıqforun mövcudluğundan asılı olmayaraq Şamaxinkanın girişi və çıxışında hər gün şiddətli tıxac olur. Bundan əlavə hərəkətin təşkilində olan ciddi nöqsanlara və xaotik parklanmaya görə vəziyyət daha da pisləşir.

Yerüstü keçid isə piyadaların və ictimai nəqliyyat istifadəçilərin əlçatan mühitə olan haqqlarını tapdalıyır. Ən acınacaqlısı odur ki, piyadalar yolu yerlə keçməyə davam edəcəklər (bu bütün dünyada belədir) və piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artacaq.
Bakıya "zastoy" lazım deyil. Ona müasir, mütərəqqi, dayanacaqlı və insan ehtiyaclarına hörmət edən nəqliyyat sistemi lazımdır.

Hüseyn Abdullayev, nəqliyyat eksperti