Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, dövlət başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirərək Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi.

Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd etdi, “Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edə qonaq Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf duyduqlarnı vurğuladı. Ulu Öndərin böyük müdrikliyə və güclü iradəyə malik, xarizmatik şəxsiyyət olduğunu, Azərbaycanın dövlətçiliyinin əsasını qoyduğunu deyən Slovakiya parlamentinin sədri məhz onun uzaqgörənliyi nəticəsində ölkəmizin davamlı surətdə inkişaf etdiyini diqqətə çatdırdı.

Azərbaycanın çox müasir və gözəl olduğunu vurğulayan Boris Kollar ölkəmizə ikinci dəfə gəldiyini dedi, ötən il Şuşaya səfərini məmnunluqla xatırladı.

Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini deyən Boris Kollar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini qeyd etdi, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Minatəmizləmə sahəsində Azərbaycanın Slovakiya şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olundu, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş “Həmrəylik Həlqəsi” təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirildi.

Görüşdə Slovakiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına verdiyi dəstək yüksək qiymətləndirildi.

***

12:01

Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki ,sədr qonağı salamlayaraq, dəvəti qəbul edib Milli Məclisin Heydər Əliyevin 100 illiyi ilə bağlı xüsusi iclasında iştirakına görə Rusiya nümayəndə heyətinə və iclasdakı çıxışında Ulu Öndər haqqında söylədiyi səmimi sözlərə görə təşəkkür edib.

Görüşdə bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır.

Sahibə Qafarova Rusiyanın Dövlət Dumasında və Federal Şurada Heydər Əliyevin yubileyi ilə bağlı təşkil olunmuş sərgilərə görə Rusiya tərəfinə təşəkkür edərək, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib və bunu iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Spiker Rusiyaya səfəri çərçivəsində paytaxt Moskva şəhərində keçirilən tədbirlərdə çıxış edənlərin Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev haqqında söylədikləri xoş sözlərlə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, əsası Heydər Əliyev dönəmində qoyulmuş Rusiya-Azərbaycan münasibətləri bu gün Azərbaycan və Rusiya liderləri tərəfindən uğurla davam etdirilir və bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə danışılıb.

Səmimi görüş üçün minnətdarlığını bildirən Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin tədbirə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Rusiyada da həmişə böyük ehtiramla anıldığını, onun SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə Rusiyada gördüyü nəhəng işlərin bu gün də minnətdarlıqla xatırlandığını söyləyib. O, Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq, Heydər Əliyevin bu sahədəki xidmətlərini yüksək dəyərləndirib.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.