Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkasında 100-ə yaxın fermer iştirak edir.

Bu barədə ASC-nin mətbuat katibi Mayis Musayev jurnalistlərə bildirib. 

Onun sözlərinə görə,  23-24 may tarixlərində davam edəcək yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir.

"Yarmarkada 70-ə yaxın adda kənd təsərrüfatı mallarının satışı həyata keçirilir", - deyə M. Musayev qeyd edib. 

“Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.  

"Xüsusi karantin rejimi ilə əlaqədar yarmarkada fəaliyyət göstərən fermerlər əlcək və tibbi maskalarla təmin edilib, yarmarkanın girişində isə xüsusi dezinfeksiya üçün məhlul yerləşdirilib". 

Xatırladaq ki, “Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

 Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı);

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı);

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı.