"Əgər ölkəmizin gələcəyini düşünürüksə, müasir köləliyə şərait yaradılmamalıdır". 

Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatının birgə hazırladığı "Qlobal köləlik indeksi"nə dair yeni hesabatında Azərbaycan da yer alıb. Həmin rəqəmlərə görə, ölkədə hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır. Bu o deməkdir ki, Azərbaycanda 107 min nəfər müasir köləlikdən əziyyət çəkir. Azərbaycan Avropa və Mərkəzi Asiya üzrə 47 ölkə arasında 10-cu yerdədir. Dünya üzrə statistikada isə ölkəmiz 18-ci yerdə məskunlaşıb.

Sözügedən hesabatla bağlı iqtisad professoru Qubad İbadoğlu öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb. Onun sözlərinə görə, "Qlobal köləlik indeksi"ndə Azərbaycanın mövcud olduğu yer xoşagələn deyil: 

 

 

"Müasir köləlik dedikdə məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikahlar nəzərdə tutulur. Hesabatın nəticələrinə görə, hazırda dünyada 50 milyona yaxın insan müasir kölə sayıla bilər. Yəni dünya əhalisi üzrə təxminən hər 150 nəfərindən biri müasir kölə durumundadır. 50 milyon kölənin 27 milyon 600 min nəfəri zorla çalışdırılan şəxslər hesab olunur. Köləliyin ən çox yayıldığı ölkə Şimali Koreyadır. Müasir köləliyin ən az yayıldığı ölkə isə İsveçrədir. Ümumilikdə müasir köləlikdən ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. 

İndeksin göstəricilərinə gəlincə, Avropa və Mərkəzi Asiya bölgəsindəki toplam 47 ölkə arasında Azərbaycan müasir köləlik göstəricisinin ən yüksək olduğu 10-cu ölkədir. Belə ki, Azərbaycan Ermənistan və Gürcüstandan geridədir. Türkiyə və Rusiya ilə müqayisədə isə Azərbaycanın yeri nisbətən yaxşıdır.  Ermənistanda əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 8.9-dur və Azərbaycanla müqayisədə 16 faiz azdır. Cənubi Qafqazda ən yaxşı nəticə Gürcüstana aiddir. Burada əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 7.8-dir və Azərbaycanla müqayisədə 26 faiz azdır. Azərbaycanda müasir köləlik çərçivəsində qiymətləndirilən halların bir çoxu barədə dolğun bilgilər açıqlanmır. Lakin bu, bir faktdır ki, insan alverçiləri Azərbaycandan olan qadın və uşaqları ölkə daxilində, İran, Malayziya, Pakistan, Qətər, Rusiya, Türkiyə və BƏƏ-də cinsi istismar alətinə çevirirlər. Bütün hallarda adıçəkilən hesabat ölkəmizdə müasir köləliklə bağlı vəziyyətdə ciddi problemlərin olduğunu və nöqsanların aradan qaldırılmasının vacibliyini sübut edir".

 

 

Gülşən Şərif