2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 290 qadın sahibkara 16,4 milyon manat güzəştli kredit verib.

Bu barədə İqtisadiyyat.az-a Fonddan bildirilib.

Bundan başqa, məlumata görə, ötən il qurum gənc sahibkarların 108 layihəsinin maliyyələşdirilməsinə 7,1 milyon manat vəsait ayrılıb.

Xatırladaq ki, 2023-cü ildə SİF ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib. Kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə icra olunan 4 layihənin maliyyələşdirilməsinə 11,5 milyon manat kredit ayrılıb.