Ölkəmizdəki internet saytlarının bəziləri Azərbaycan dilində xidmət göstərmir. Bu hal əsasən onlayn alış-veriş saytlarında müşahidə olunur. Amma bir çox halda Azərbaycanlılara xidmət göstərən şirkətlərin sosial şəbəkələrdəki səhvələri də rusca idarə edilir.

Belə saytlarda və səhifələrdə rus dilinin ana dilimizdən üstün tutulması cəmiyyətdə bir mənalı qarşılanmır.

Son zamanlar belə saytların artması halı da müşahidə edilir. Bu isə sual yaradır. Niyə saytrəhbərləri Azərbaycan dilinə yox, ruscaya üstünlük verirlər?

Mütəxəssislər xidmət sektorunda müştəriyə seçim kimi ana dilinin verilməməsinin düzgün olmadığını deyirlər. "Admedia" reklam agentliyinin SMM departamentinin rəhbəri Şəfi Şəfiyev mövcud duruma münasibət bildirib. Onun sözlərinə görə, hər hansı bir şirkətin ana dilində məzmununun olmaması ölkənin imicinə də mənfi təsir edir. Üstəlik belə saytlar böyük bir hədəf kütləsindən də özlərini məhrum edirlər. Halbuki onlar bu üsulla konkret hədəfə yönəldiklərini düşünürlər.

Qeyd edək ki, belə saytlar və səhifələr adətən peşəkar marketinq şirkətləri deyil elə aid olduğu şirkətin əməkdaşları tərəfindən idarə edilir.