Fransa prezidenti Emmanuel Makron Parisin simvollarından olan 850 illik Notr-Dam kilsəsinin yenidən tikilməsinə söz verib. İqtisadiyyat.az “İxlas” xəbər agentliyinə istinadən bildirir ki, əraziyə gələn Fransa prezidenti, kilsənin əsas hissəsinin yanğından qurtarıldığını deyərək, tarixi abidənin yenidən tikintisi üçün ölkələrarası danışıqlar planına başlayacağını bildirib. Makron yaşananların qorxunc bir tragediya olduğunu bildirərək, “Bu tarixi abidəni birlikdə yenidən inşa edəcəyik. Fransızların bu qərarı gözləyir. Çünki tariximiz bunu haqq edir” fikirlərini söyləyib.

“GUCCİ” və “Saint Laurent” markalarının sahibi, “Kerinq” qrupunun başçısı, milyarder Fransua-AnriPino, Notr-Damın yenidən inşası üçün 100 milyon avro vəd edib. Fransız xeyriyyə cəmiyyəti “Fondation du Patrimoine” UNESCO-nun siyahısında olan abidənin yenidən inşası üçün ölkələrarası dəstək fondunu fəaliyyətə başladıb.

Qeyd edək ki, dünən axşam başlayan yanğın zamanı kilsənin damında bir qüllə uçub. Yanğınsöndürənlərin fəaliyyəti nəticəsində abidənin iki qülləsi və əsas fundamenti yanğından xilas edilə bilib. Yanğın başladıqdan 9 saat sonra nəzarətə götürülüb. Hadisənin dəqiq səbəbi tapılmasa da, səlahiyyətli şəxslər kilsədə davam edən təmir işlərinin yanğına səbəb olacağını bildiriblər. Paris prokurorluğu yanğının qəza hadisəsi kimi araşdırıldığını açıqlayıb. Paris yanğın xidmətinin rəisi Jan Klaud Gallet hadisə zamanı bir xilasedicinin yaralandığını bildirib. Yanğının tamamilə söndürülməsinin bir neçə gün çəkəcəyi deyilir.