İran rəsmiləri Savadlılıq Təşkilatının köməyi ilə ölkədə savadsızlığın tamamilə aradan qaldırıldığını dəfələrlə bəyan ediblər.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin keçmiş təhsil və təlim naziri Yusuf Nuri isə bir neçə gün əvvəl verdiyi açıqlamada bunu yalanlayıb. Onun sözlərinə görə, təkcə 2016-cı ilin statistikasına görə, İranda 8 milyon 795 min savadsız insan var.

Maraq üçün qeyd edək ki, bu rəqəm 1976-cı ildə 14 milyon 200 minə bərabər olub. 

Bu sahədə rəqəmlər getdikcə azalan xətlə inkişaf etsə də, problem hələ də aktualdır. Keçmiş nazir mətbuata açıqlamasında bildirib ki, 70 milyonluq əhalinin 30 milyonu ən azı oxuma və yazma bacarığına sahibdir. Əhalinin 3,5 milyonu isə hazırda üzündən oxuyub yazı yaza bilmir. 

Qeyd edək ki, İranda təhsil 6-49 yaş arası insanları əhatə edir.

Digər ölkələrdə təhsilin istisnasız olaraq hər yaş qrupu üçün olduğunu ifadə edən Y.Nuri, "biz 49 yaşdan yuxarı insanların təhsil alması üçün heç nə etməmişik. Halbuki savadlılıq göstəricilərində hər 10 faiz artımın ümumi daxili məhsula 2 faiz əlavə fayda verdiyini təsdiqləyən araşdırmalar var".

Savadlılıq Təşkilatının rəhbəri Əli Rıza Abdi bildirib ki, İranda 4 milyondan çox üzündən oxumağı və yazmağı bacarmayan insan var.

Onun sözlərinə görə, 1976-cı ildə İranda təhsilli əhali ümumi əhalinin təxminən 48,8 faizini təşkil edirdi. Bu göstərici 2022-ci ildə 97 faizə yüksəldi ki, bu da ölkədə əhali artımı ilə yanaşı, savadlılığın da səviyyəsinin yüksəldiyini göstərir. 

İranda 44 il sonra Savadlılıq Təşkilatının ləğvi məsələsi gündəmdədir. Ölkə parlamentinin bu təşkilatı ləğv edərək vəzifələrini Təhsil Nazirliyə həvalə edəcəyi bildirilir.

Savadsızlığın aradan qaldırılması məqsədi ilə 44 il əvvəl fəaliyyətə başlayan bu dövlət qurumu iflasa uğramış hesab olunur.

Ekspertlər bildirir ki, qurumun 40 illik fəaliyyəti dövründə ibtidai təhsilin üçüncü pilləsinə qədər 9 milyon insan təhsil alıb ki, onlardan da sadəcə 2 milyonu ibtidai məktəbi bitirib.

Deməli hələ 4 il əvvəl ölkədə ibtidai təhsili başa vurmamış və hələ də savadsızlıq həddində olan 7 milyon insan mövcud olub.