İqtisadçı alim Vüqar Bayramovun rəhbərlik etdiyi “İqtisadi və Sosial İnkişaf Mərkəzi”in (CESD) növbəti təklifi qəbul olunub. Bu barədə iqtisadçı öz feysbuk profilində məlumat verib. İqtisadiyyat.Az xəbər verir ki, təklifdə pensiya kapitalının hesablanması zamanı illik inflyasiya göstəricisinin də nəzərə alınması qeyd olunmuşdu.

“Ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqıdakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik. Eyni zamanda rəsmi illik infliyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi. Təbii ki, bəzi illərdə nominal orta aylıq əmək haqqıdakı artım inflyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq inflyasiya səviyyəsi əmək haqqı artımından daha çox olur və bu indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə inflyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əmək haqqıda artım 5.7 faiz olmuşdu”.

Vüqar Bayramov, ölkə başçısının dünən imzaladığı fərmanda “CESD”-in təklifinin nəzərə alındığını bildirib: “Azərbaycan Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” dünən imzaladığı fərmana əsasən qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Belə ki, yeni dəyişiklilərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə o zaman həmin məbləğə 600 manat əlavə olunacaq”.

İqtisadçı, həmçinin daha iki təklifin də nəzərə alınmasının lazımlı olduğunu vurğulayıb: “Beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınmasını təklif edirik. Əvvəlla, əmək pensiyasının sığorta hissəsi ya infilyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, infilyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi infilyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu indeksasiya məbləğinə birbaşa təsir göstərək meyardır”.

 

Mehman Nəbiyev