Dünəndən paytaxt ərazisində ağacların budanması və budaqların sınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinə 7 müraciət daxil olub.

Bunu Oxu.Az-a açıqlamasında qurumun rəisi Orxan Məmmədov deyib. 

Bildirib ki, müraciətlərin artmasına səbəb güclü küləkdir və buna görə də qəza briqadaları yaranan hava şəraitinə görə gücləndirilmiş iş rejimində çalışır: 

“Küləyin təsirindən aşmış və qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı tədbirlər həyata keçirilir. Bütün rayonlardan bizə müraciətlər var. Daha çox Nəsimi, Binəqədi, Yasamal, Nizami, Nərimanov, Xətai rayonlarından müraciət edirlər”. 

Orxan Məmmədov qeyd edib ki, daha çox təhlükəli vəziyyətdə olan ağaclar  Nəsimi, Binəqədi və Yasamal rayonlarında olub: 

“Artıq təhlükəli vəziyyət aradan qaldırılıb ki, hər hansı xoşa gəlməz hal baş verməsin”.