Fransanın “TotalEnergies” enerji şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağının birgə işlənməsinin birinci mərhələsi çərçivəsində qaz hasilatına başlayıblar.

İqtisadiyyat.az “TotalEnergies”ə istinadən xəbər verir ki, tərəflər gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil etməyi planlaşdırırlar. Qaz Azərbaycanın daxili bazarında satılacaq.

“TotalEnergies və onun tərəfdaşı SOCAR Xəzər dənizində, Bakıdan təxminən 100 km cənub-şərqdə “Abşeron” qaz-kondensat yatağının birgə işlənməsinin birinci mərhələsinin başlandığını elan edib”, - məlumatda deyilir.

Əlavə edək ki, “TotalEnergies” və SOCAR layihədə bərabər paylara - 50%-ə sahibdirlər ki, bu da "JOCAP" birgə müəssisəsi tərəfindən idarə olunur.