Ötən ilin noyabr ayı ABŞ İrana qarşı neft embarqosu qoymuşdu. Buna əsasən, ABŞ İrandan neft idxal edən ölkələrlə bütün əməkdaşlığı kəsəcək və həmin ölkəyə də sanksiyaalra tətbiq olunacaq. Ancaq ABŞ 8 ölkəyə (Çin, Yaponiya, Tayvan, Cənubi Koreya, Hindistan, Türkiyə, Yunanıstan və İtaliya) 6 aylıq güzəşt müddəti vermişdi. Təyin olunan vaxt isə gələn ay yekunlaşacaq. Dünənə qədər dünya neft bazarı və ixracatçılar, ABŞ xarici işlər naziri Mayk Pompeonun güzəşt müddətinin ləğvi yaxud artırılacağı barədə mayın 2-də olacaq açıqlamasına gözünü dikmişdi. Ancaq dünəndən etibarən ABŞ mətbuatı həmin 8 ölkəyə təyin olunan güzəştli müddətin bitməsi ilə bağlı məlumatlar yayımlayıb. Bugün səhər saatlarında isə Çin xarici işlər nazirliyinin sözçüsü Geng Shuang mətbuat konfransı keçirərək, ABŞ-ın qadağalarına məhəl qoyulmayacağını və İranla əməkdaşlığın əvvəlki qaydada davam edəcəyini bildirib. İran bütün sanksiyaların qüvvəyə minəcəyi təqdirdə Hörmüz boğazını bağlayacağını açıqlayıb.

İqtisadçı ekspert Pərviz Heydərov baş verənləri şərh edərkən Çinin ən böyük neft idxalçısı olduğunu və nüfuzunun ABŞ-ın göstərişi ilə addım atmamağa imkan verdiyini bildirib.

“O cümlədən, Hindistan da ən çox neft idxal edən ölkələrdən biridir. Onun da ABŞ-ın qərarına necə riayət edəcəyi dəqiq deyil. İstənilən halda həmin 8 ölkə üçün mayın 2-dən ABŞ-ın tələbi qüvvəyə minir ki, İrandan neft idxalını dayandırsınlar. Təbiidir ki, bu neft qiymətlərinə təsirsiz ötüşməyəcək. Biz əvvəllər də müşahidə etmişik ki, neft bazarına, qiymətlərə təkcə iqtisadi faktorlar və tələb-təklifin miqdarı təsir etmir. Hər hansı siyasi proseslər, adicə Səudiyyət Ərəbistanının energetika nazirinin bir çıxışı öz sözünü deyir. Psixoloji təsir olaraq, qısa müddət ərzində neftin bir bareli 80 dollara qədər qalxacaq. Amma bu az müddətdə davam edəcək. Çünki bazarda qeydə alınan neft qıtlığını Səudiyyə Ərəbistanı təmin etməyə qadirdir. Səudiyyə Ərəbistanı istədiyi vaxt hasilatı azalda və ya artıra bilər. O, həmçinin İran neftinin yerini doldurmağa qadirdir. Ümumiyyətlə neft bazarında Səudiyyə Ərəbistanı ABŞ-dan çox İranı özünə rəqib görür. Buna görə də İranın neft bazarından çıxarılması ər-Riyadın könlüncədir”.

Ekspert, İranın Hörmüz boğazını bağlayacağı təqdirdə neftin qiymətlərinin artacağını istisna etməyib. “İran bütün bunların qarşılığında Hörmüz boğazını bağlayacağını bildirib. Qeyd etmək lazımdır ki, dünya neft bazarına çıxarılan ən çox neft məhz bu boğazdan keçir. Əgər İran bu addımı atarsa, hərbi münaqişələrə gətirib çıxara bilər. Həmin təqdirdə isə neft qiymətlərinin daha da bahalaşacağının şahidi ola bilərik”.

Məsələni siyasi cəhətdən şərh edən politoloq Vasif Əfəndi Çinin İrana dəstək çıxmasının heç bir nəticə verməyəcəyini və sanksiyaların İran iqtisadiyyatını çökdürəcəyini vurğulayıb.

“ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt iqtisadi sanksiyalar öz bəhrəsini verməyə başlayıb. İran isə düşdüyü vəziyyəti düzgün qiymətləndirməyi bacarmır. İranla dollar sövdələşməsinə, qızıl, qiymətli daşlar, əlvan metal ticarətinə və neft alış-verişinə qoyulan məhdudiyyətlər ölkədə ağır iqtiadi vəziyyət yaradıb. İran rialının sürətlə bahalaşmasının qarşısı qismən alınsa da bu daxili bazara öldürücü təsir göstərir. Sanksiyalar daha bir neçə il uzadılarsa İran iqtisadiyyatı davam gətirə bilıməyəcək. Ölkədə yaranmış ərzaq qıtlığı kritik həddə çata bilər. Bu isə İran üçün arzuolunmaz hallarla nəticələnə bilər. Çinin vəziyyətə nəzarət etmək cəhdi və öz maraqları çərçivəsində İranla neft alış verişini davam etdirmək niyyəti uğursuz alınacaq. Artıq Iranla bağlı ciddi qərar verilib və proses sona qədər davam etdiriləcək. Səudiyyə Ərəbistanına gəlincə isə bu ölkə prosesin başlanğıcından ABŞ-la birgə hərəkət edir. İranın fars körfəzini bağlamaq hədələri də mənasız söz atmacasıdır. ABŞ və müttəfiqləri fars körfəzini öz suları hesab edir və istədikləri zaman kifayət qədər güclü hərbi kontingentini yerləşdirirlər. İranın Hörmüz boğazını bağlamaq cəhdi münaqişəni hərbi fazaya çevirə bilər. Bu isə İrana qarşı dinc mübarizə üsuluna son vermək deməkdir. Nəticə isə heç kimin şübhə etmədiyi sonluqla bitər”.

 

Mehman Nəbiyev